BAKI,AzerVoice
Türkiyənin ticarət naziri Ömər Bolat sabah Türkiyə və Suriya arasında ticarət, gömrük, nəqliyyat, investisiya və enerji mövzularını müzakirə etmək üçün Şama rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, nazir Bolatın 16-17 aprel tarixlərində gerçəkləşdirəcəyi səfərdə iş adamları, palata və birlik başçıları da iştirak edəcək.
Səfər çərçivəsində yeni dövrdə Suriyanın iqtisadi inkişafında əməkdaşlığın gücləndirilməsi, iki ölkənin iqtisadi aktorları arasında əlaqələrin və münasibətlərin inkişaf etdirilməsi, həmçinin azad Suriyanın qurulmasına dair hazırlıqlarda qurumlararası koordinasiyanın artırılması məsələlərinin müzakirə olunması planlaşdırılır.
Ticarət, gömrük, nəqliyyat, investisiya, maliyyə və bankçılıq, podratçılıq və enerji başda olmaqla müxtəlif sahələrin gündəmdə olacağı səfərdə Bolat həmkarları ilə ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirəcək.
Bolat səfər çərçivəsində Suriyanın iqtisadiyyat naziri Nidal Şaar, maliyyə naziri Məhəmməd Yusr Berniyyə, nəqliyyat naziri Yarub Bədir və Suriya Quru və Dəniz Limanları Baş İdarəsinin müdiri Kuteybə Əhməd Bədəvi ilə ikitərəfli və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirəcək.
Türkiyənin iş dünyasını təmsil edən qurum rəhbərlərinin suriyalı iş adamları ilə bir araya gələcəyi səfər çərçivəsində yeni iş imkanlarının dəyərləndiriləcəyi “İş Forumu” və “Dəyirmi Masa Görüşmələri” də keçiriləcək.
Bolatın Şama səfəri, Türkiyə ilə Suriya arasındakı iqtisadi və ticari münasibətlərin dinamikasının müəyyən olunması baxımından əhəmiyyətli və həlledici rol oynayacaq.