Əsas səhifə » Türkiyə-ASEAN əməkdaşlığı güclənir

Türkiyə-ASEAN əməkdaşlığı güclənir

BAKI, AzerVoice

Türkiyə İndoneziya ilə müdafiə və iqtisadi əməkdaşlığı genişləndirir.

AzerVoice xəbər verir ki, ABŞ-ın nüfuzlu beyin mərkəzi “Atlantic Council” Türkiyənin İndoneziya və ASEAN ölkələri ilə dərinləşən münasibətlərini analiz edən təhlil yayımlayıb.

Sənəddə Türkiyənin Cənub-Şərqi Asiyada həm diplomatik, həm də müdafiə sahəsində əlaqələrini strateji səviyyəyə yüksəltdiyi vurğulanır.

Təhlildə Prezident Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabowo Subianto arasında son aylar ərzində baş tutan qarşılıqlı səfərlər xüsusi qeyd olunub. İki lider arasında aparılan danışıqların müdafiə sənayesində birgə istehsal və satınalma sahəsində konkret müqavilələrə yol açdığı bildirilir.

Məlumata görə, İndoneziya 60 ədəd Bayraktar TB3 və 9 ədəd Bayraktar Akıncı PUA-sının tədarükü üçün Türkiyənin Baykar şirkəti ilə razılığa gəlib. Eyni zamanda, Baykar və İndoneziyanın müdafiə şirkəti Republikorp arasında birgə pilotsuz aparat zavodunun qurulması istiqamətində əməkdaşlıq edilir.

Türkiyə Hava və Kosmos Sənayesi (TUSAŞ) ilə də yeni müdafiə layihələri üzrə razılaşmalar əldə olunub. Ticarət dövriyyəsinin 2024-cü ildə 2,4 milyard dollara çatması əməkdaşlığın yalnız müdafiə ilə məhdudlaşmadığını göstərir.

Qeyd edək ki, Türkiyə ASEAN ilə münasibətləri təkcə İndoneziya ilə deyil, bütün təşkilat çərçivəsində genişləndirmək niyyətindədir. Son illərdə Malayziya və Sinqapurla azad ticarət sazişləri imzalanıb, hazırda isə Tailand və İndoneziya ilə danışıqlar aparılır. Bu kontekstdə infrastruktur və investisiya sahələri türk şirkətləri üçün perspektivli hədəf kimi göstərilir.

“Atlantic Council” təhlilində qeyd edilir ki, Türkiyənin “Asiyaya Yenidən Təşəbbüs” siyasəti çərçivəsində xalqlararası və iqtisadi əlaqələrdə artan dinamika müşahidə olunur. Bu prosesin nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice