Əsas səhifə » HAVELSAN-dan ADVENT ixracı

HAVELSAN-dan ADVENT ixracı

BAKI, AzerVoice

Türkiyənin müdafiə sənayesi ADVENT ilə beynəlxalq səviyyəyə yüksəlir.

AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan HAVELSAN, ADVENT Döyüş İdarəetmə Sisteminin Çili Donanmasına ixracı ilə növbəti strateji uğura imza atıb.

Şirkətin Çili ilə imzaladığı müqaviləyə əsasən, iki freqat müasir döyüş idarəetmə sistemi ilə modernləşdiriləcək. Bu ixrac yalnız texnoloji nailiyyət deyil, həm də Türkiyənin qlobal müdafiə sənayesi bazarındakı rolunun gücləndiyinin açıq göstəricisidir.

Mütəxəssislər bildirirlər ki, bu sistemə sahib olan ölkələrin sayı bir əlin barmaqlarını keçmir. ADVENT-i digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun şəbəkə mərkəzli dizaynıdır. Bu texnologiya vasitəsilə müxtəlif platformalardan – istər dəniz, istər hava, istərsə də quru üzərindəki sistemlərdən əldə olunan məlumatlar real vaxtda təhlil edilir və paylaşılır.

ADVENT sistemi artıq 4 qitədə – Asiya, Avropa, Afrika və Cənubi Amerikada – tətbiq olunur. Sistem bu günə qədər 9 ölkəyə ixrac olunub və 85-dən çox üzən, dalğıc, uçan, yerüstü və pilotsuz platformaya inteqrasiya edilib. ADVENT-in müxtəlif versiyaları – ADVENT SYS (ümumi döyüş idarəetməsi üçün), ADVENT ROTA (pilotsuz platformalar üçün), ADVENT MARTI (hava platformaları üçün) və ADVENT UFUK (dəniz təsvirlərinin idarəsi üçün) – müasir döyüş meydanlarında Türkiyənin gücünü və texnoloji üstünlüyünü nümayiş etdirir.

Müdafiə və Dəniz Mütəxəssisi Kozan Səlcuq Erkan bu nailiyyəti "strateji sıçrayış" kimi qiymətləndirərək, “Biz artıq təkcə gəmi istehsal edən ölkə deyilik. Başqalarının inşa etdiyi gəmilərə öz döyüş sistemlərimizi quraşdıra bilirik. Bu, texnoloji müstəqillik və ixrac gücünün göstəricisidir” - deyə o bildirib.

Erkan əlavə edib ki, HAVELSAN tərəfindən hazırlanan bu sistem düşmənin tez aşkarlanması, vəziyyətin real vaxtda qiymətləndirilməsi və müxtəlif platformalar arasında koordinasiyanın effektiv qurulması baxımından həyati əhəmiyyət daşıyır.

İHA-ların göndərdiyi görüntüləri döyüş gəmilərinin dərhal görə bilməsi, qurudan və dənizdən gələn məlumatların eyni vaxtda idarə edilməsi imkanları Türkiyənin bu sahədə dünya liderlərindən birinə çevrilməsinə zəmin yaradır.

Qeyd edək ki, HAVELSAN-ın ADVENT Döyüş İdarəetmə Sistemi ilə yanaşı, digər məhsulları da beynəlxalq arenada maraq doğurmaqdadır. Məsələn, Gökdeniz hava hücumundan müdafiə sistemi daha öncə Filippin Hərbi Dəniz Qüvvələrinə ixrac edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice