BAKI,AzerVoice
Fətullahçı Terror Təşkilatının (FETÖ) mövcud strukturlarına qarşı aparılan istintaq çərçivəsində İstanbul mərkəz olmaqla 4 şəhərdə keçirilən əməliyyatda 36 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, əməliyyat İstanbul Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbələrinin koordinasiyasında həyata keçirilib.
İstintaq çərçivəsində İstanbulda fəaliyyət göstərən bir şirkətdə FETÖ ilə əlaqəli işdən çıxarılmış və həbsxana qeydiyyatı olan şəxslərin Sosial Sığorta Qurumunda (SGK) qeydiyyatlarının olduğu müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, şirkət FETÖ ilə əlaqəli şəxslərə iş imkanı yaradıb, işə qəbul zamanı ləyaqət deyil, təşkilati mövqe əsas götürülüb.
Şirkətlə ortaqlığı və SGK qeydiyyatı olan şəxslərin izlənməsi nəticəsində onların FETÖ-nün hazırkı bölgə təşkilatlanmalarında aktiv olduqları, həmin şəxslərlə əlaqədə olduqları və birgə fəaliyyətlər göstərdikləri aşkarlanıb.
Şübhəlilər haqqında həbs qərarı çıxarılan şəxslərin xaricə qaçmasına yardım etdikləri və orada təşkilat üzvləri ilə birbaşa təmasda olduqları da müəyyən edilib.
İstanbul, Ankara, Yozqat və Gümüşhanə şəhərlərində ümumilikdə 49 ünvana keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 36 şübhəli saxlanılıb. Onlardan 3-nün xaricdə olduğu müəyyənləşib, 2 qaçaq şübhəli ilə bağlı axtarışlar davam etdirilir.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, qadağan olunmuş nəşrlər, zəncir marketlərdən alınmış hədiyyə kartları və külli miqdarda pul ələ keçirilib.