BAKI, AzerVoice
İƏT və Ərəb Liqası Türkiyədə bir araya gəlir.
AzerVoice xəbər verir ki, İslam
Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası (AL) Nazirlər Komitəsi
ilk dəfə Türkiyədə birgə toplantı keçirib.
Görüş Antalya şəhərində Diplomatiya Forumu öncəsi baş tutub və
Fələstin məsələsi əsas gündəm mövzusu olub.
Komitə “Yaxın Şərqdə iki dövlətli həll və davamlı sülh” mövzusunu müzakirə edib. Toplantıda Bəhreyn, İndoneziya, Fələstin, Qətər, Misir, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə yanaşı, İƏT və ƏL baş katibləri də iştirak ediblər. Eyni zamanda BƏƏ, Nigeriya, İrlandiya, İspaniya, Norveç, Sloveniya, Çin, Rusiya və Avropa İttifaqı nümayəndələrinin də iştirak etdiyi bildirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxışında İsrailin atəşkəsi pozmasından sonra Qəzzada vəziyyətin daha da ağırlaşdığını, İordan çayının qərb sahili və Qüdsdə isə təzyiqlərin və təhdidlərin artdığını vurğulayıb. O, bu proseslərin iki dövlətli həll perspektivinə ciddi təhlükə yaratdığını qeyd edib.
Qeyd edək ki, İƏT-AL Nazirlər Komitəsinin sonuncu toplantısı 23 mart 2025-ci ildə Qahirədə, Misirin ev sahibliyi ilə keçirilmişdi.