BAKI, AzerVoice
“Türkiyə indoneziyalılar üçün böyük bir müsəlman sivilizasiyasıdır”
AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edən İndoneziya Prezidenti Prabowo Subianto, Türkiyənin indoneziyalıların qəlbində çox xüsusi bir yerə sahib olduğunu deyib və onu “ən böyük müsəlman sivilizasiyası” adlandırıb.
Türkiyə-İndoneziya diplomatik əlaqələrinin 75 illiyi münasibətilə rəsmi səfərdə olan Prezident Subianto, TBMM-də millət vəkilləri qarşısında çıxış edib. O, Türkiyənin yalnız dövlət olaraq deyil, həm də tarix, mədəniyyət və müsəlman dünyası baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
"İndoneziyalılar üçün Türkiyə əslində ən böyük müsəlman sivilizasiyası, Osmanlı irsinin davamçısıdır" – deyən Subianto, Osmanlı İmperiyasının vaxtilə İndoneziyaya hərbi dəstək verdiyini xatırladıb.
O, həmçinin Türkiyənin beynəlxalq haqsızlıqlara və xüsusilə də Fələstindəki insan hüquqları pozuntularına qarşı sərgilədiyi mövqeyi yüksək qiymətləndirib.
Subianto, Türkiyə tarixindən ilham aldığını bildirib və Atatürkə olan dərin heyranlığını dilə gətirib. “Gənclik illərimdə qəhrəmanım Mustafa Kamal Atatürk idi. Evimdə və ofisimdə onun heykəli var. Fatih Sultan Mehmet də mənim üçün bir ilham mənbəyidir” - deyə o bildirib.
Qeyd edək ki, Prezident Subiantonun səfəri Türkiyə ilə İndoneziya arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.