Əsas səhifə » İnkişaf Yolu qlobal ticarətə güc qatacaq - Uraloğlu

İnkişaf Yolu qlobal ticarətə güc qatacaq - Uraloğlu

BAKI, AzerVoice

İnkişaf Yolu Layihəsi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayacaq

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Fav Limanında həyata keçirilən İnkişaf Yolu Layihəsinin birinci mərhələsinin bu il ərzində tamamlanmasının planlaşdırıldığını açıqlayıb.

Nazir bildirib ki, yaxın zamanda İraqla yekun razılaşma imzalanacaq və bu saziş, layihənin reallaşması baxımından yeni bir mərhələyə keçidi təmin edəcək.

Uraloğlu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf etməkdə olan Bazarlar Forumunda çıxış edərək qloballaşan dünyada nəqliyyat dəhlizlərinin və tranzit daşımalarının iqtisadi inkişaf üçün əsas amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, nəqliyyat infrastrukturuna yatırılan hər sərmayə iqtisadi artıma, regional balanslı inkişafın təşviqinə və ticarət xərclərinin azalmasına birbaşa təsir göstərir.

Nazir qeyd edib ki, layihə çərçivəsində Fars körfəzindən başlayaraq Bağdad və Mosul üzərindən Türkiyəyə qədər uzanan dəhliz inşa ediləcək və bu dəhliz 2092 kilometr dəmir yolu, 1923 kilometr avtomobil yolu ilə Avropa ilə inteqrasiya olunacaq. O vurğulayıb ki, layihənin başa çatması ilə Asiya və Avropa arasında tranzit müddəti mövcud dəniz yollarına nisbətən 15 günə qədər azalacaq.

“Türkiyə, Asiya ilə Avropa arasında daha qısa tranzit vaxtları və etibarlı nəqliyyat alternativləri təqdim edir. Biz bu layihə ilə yalnız regionun deyil, bütün dünyanın ticarət sisteminə yeni nəfəs gətirəcəyik”– deyə Uraloğlu bildirib.

Onun sözlərinə görə, “Yeni İpək Yolu” kimi tanınan İnkişaf Yolu Layihəsi Türkiyənin geosiyasi və iqtisadi gücünü daha da artıracaq. Layihənin idarəetmə və maliyyə strukturunun dəqiqləşdirilməsi üçün yaxın zamanda maraqlı tərəflərlə görüşlər keçiriləcək.

Qeyd edək ki, Uraloğlu Türkiyənin nəqliyyat və infrastruktur sahəsində son 23 ildə 290 milyard dollar sərmayə yatırdığını və bu investisiyaların nəticəsində mülki aviasiya, dəmir yolu, dənizçilik və rabitə sahələrində mühüm irəliləyişlərin əldə edildiyini açıqlayıb.

Bunlarla yanaşı, o, Zəngəzur dəhlizi, Marmaray, İstanbul Hava Limanı, Osmangazi Körpüsü, Avrasiya tuneli və Ankara-Sivas sürətli qatar layihəsi kimi nəhəng infrastruktur təşəbbüslərinin beynəlxalq nəqliyyat əlaqələrində Türkiyənin rolunu daha da artırdığını deyib.

Uraloğlu əlavə edib ki, iyunun 27-29-da İstanbulda “Qlobal Nəqliyyat Əlaqələri Forumu” təşkil olunacaq və bu tədbir dünya ölkələrinin nəqliyyat sahəsində əməkdaşlığının dərinləşdirilməsi üçün mühüm platforma olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice