BAKI,
AzerVoice
Türkiyə yerli GPS sistemini işə salmağa hazırlaşır
AzerVoice xəbər verir ki, Türkiyə
strateji infrastrukturlarda xarici asılılığı azaltmaq və kosmosdakı
mövcudluğunu gücləndirmək məqsədilə Regional Mövqeləşdirmə və
Zamanlama Sistemi (RMZS) quracaq.
Eyni zamanda beynəlxalq səviyyədə tanınacaq yerli xəritə və
naviqasiya tətbiqi hazırlanması da planlaşdırılır.
Sənaye və Texnologiya Nazirliyinin "2030 Sənaye və Texnologiya Strategiyası"na əsasən, bu təşəbbüs təkcə hərbi deyil, həm də mülki sahələrdə — ağıllı nəqliyyatdan kənd təsərrüfatına qədər geniş istifadəyə imkan verəcək. Sistem GPS kimi qlobal sistemlərə alternativ olaraq Türkiyəyə öz peykləri ilə dəqiq yer, zaman və naviqasiya məlumatları təqdim edəcək.
Layihə çərçivəsində atom saatlarının hazırlanması, mövcud sistemlərin dayanıqlığının artırılması və regional peyk mövqeləşdirmə sistemlərinin qurulması kimi texnoloji mərhələlər həyata keçiriləcək. Hazırda TÜBİTAK və Türkiyə Kosmos Agentliyinin birgə hazırladığı rubidium atom saatı kosmik sınaqlardan keçir. Cubesat peykinin dizaynı tamamlanıb, alt sistemlərin istehsal mərhələsi başlayıb.
Bundan əlavə, Türkiyənin milli naviqasiya, axtarış sistemi və sosial media platformaları üzərində də işlədiyi bildirilir. Bu texnologiyalarla həm informasiya təhlükəsizliyi təmin ediləcək, həm də rəqəmsal müstəqillik möhkəmləndiriləcək. Süni intellekt tərəfindən dəstəklənən türk əsaslı dil modeli və yeni nəsil tətbiqlər də bu strategiyanın tərkib hissəsi olacaq