BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya Diplomatiya Forumunun açılışında qlobal sülh və beynəlxalq islahatlarla bağlı mühüm mesajlar verəcəyi gözlənilir.
AzerVoice xəbər verir ki, Ərdoğanın
himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 11-13 aprel
tarixlərində Antalya şəhərində dördüncü dəfə keçiriləcək
Diplomatiya Forumu dünyanın diqqət mərkəzindədir.
“Bölünmüş Dünyada Diplomatiyanı Qucaqlamaq” mövzusuna həsr olunan
builki forumda qlobal qeyri-sabitlik, çoxqütblülük və beynəlxalq
sistemin qarşılaşdığı çağırışlar müzakirə ediləcək. Forumun rəsmi
açılışı aprelin 12-də günortadan sonra baş tutacaq. Xarici işlər
naziri Hakan Fidanın açılış nitqindən sonra Prezident Ərdoğanın
çıxış edərək, BMT-nin islahatı, dünya sülhü, Yaxın Şərqdəki son
vəziyyət və İsrailin hücumları ilə bağlı mövqeyini açıqlayacağı
gözlənilir.
Üç gün davam edəcək forumda çoxsaylı panellər, lider müzakirələri və gənclər üçün xüsusi proqramlar keçiriləcək. Bu mötəbər tədbirdə 18 ölkənin dövlət və hökumət başçıları, 52 xarici işlər naziri və ümumilikdə 5 minə yaxın iştirakçı yer alacaq. Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər və diplomatik təmaslar da planlaşdırılıb.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu bu il də beynəlxalq diplomatiyanın ən mühüm platformalarından biri kimi çıxış edəcək. Forumun iştirakçıları arasında Misir, İran, İraq və İordaniyanın xarici işlər nazirləri, Avropa Şurasının baş katibləri, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kerim Han və Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da yer alacaq. Tədbiri 100 min insanın onlayn izləyəcəyi gözlənilir.