BAKI, AzerVoice
Türkiyənin Ticarət naziri Ömər Bolat sabah rəsmi səfərlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərini ziyarət edəcək.
AzerVoice xəbər verir ki, bu barədə nazirliyin verdiyi məlumatda deyilir.
Məlumata görə, Bolat Əbu Dabi səfəri çərçivəsində bu il keçiriləcək 14-cü İllik İnvestisiya Toplantısının (Annual Investment Meeting – AIM) açılış mərasimində iştirak edəcək və “Qlobal Birlik Üçün Katalizator Kimi Xarici İnvestisiya” mövzusunda liderlər panelində açılış çıxışı edəcək.
Toplantı çərçivəsində Əbu Dabidə olan Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovla ticarət, investisiya və podratçılıq sahələrində ikitərəfli görüş keçirəcək Bolat həmçinin AIM Qlobal Vəqfinin sədri Davud əl-Şəzavini qəbul edəcək.
Bolat və BƏƏ-nin xarici ticarət naziri Tani Əhməd əl-Zeydi həmsədrliyi ilə Türkiyə-BƏƏ İqtisadi və Ticarət Ortaq Komitəsinin (JETCO) 2-ci dövr, eləcə də Türkiyə-BƏƏ Əhatəli İqtisadi Ortaqlıq Sazişinin (KEOA) 1-ci dövr Ortaq Komitə iclasları keçiriləcək.
Bu iclaslarda ikitərəfli ticarət, KEOA çərçivəsində əməkdaşlıq, investisiyalar, podratçılıq, ticarətin maliyyələşdirilməsi, xidmət sahələri və gömrük əməkdaşlığı müzakirə olunacaq. Görüşlərin sonunda JETCO və KEOA Ortaq Komitələrinin niyyət protokolları nazir səviyyəsində imzalanacaq.
Səfər çərçivəsində hər iki ölkənin aparıcı şirkətlərinin iştirakı ilə dairəvi masa görüşü də keçiriləcək. Bu görüşdə iş dünyasının tələbləri və təklifləri birbaşa nazirlər tərəfindən dinləniləcək.
Nazir Bolat, Xarici İqtisadi Əlaqələr Şurası nəzdində fəaliyyət göstərən Dünya Türk İş Konseyinin təşkilatçılığı ilə BƏƏ-də yaşayan türk iş adamları ilə də görüşəcək.
Qeyd edək ki, BƏƏ ilə Türkiyə arasında ikitərəfli ticarət dövriyyəsi ötən il 16 milyard dolları keçib. Bu ilin ilk üç ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq 4,8 milyard dollara çatıb.
1 sentyabr 2023 tarixindən qüvvəyə minmiş KEOA sayəsində bu ticarət həcminin 5 il ərzində 40 milyard dollara çatdırılması hədəflənir.
Türk podratçı şirkətləri indiyə qədər BƏƏ-də ümumi dəyəri 17,7 milyard dollar olan 149 layihə həyata keçirib. BƏƏ, dünyada Türk şirkətlərinin ən çox layihə icra etdiyi 10-cu ölkədir.