BAKI, AzerVoice
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç cəzaçəkmə müəssisələrində məhbusların hüquqlarının qorunduğunu və onlara insan ləyaqətinə uyğun şərait yaradıldığını bildirib.
AzerVoice xəbər verir ki, nazir Yılmaz
Tunç bəzi televiziya və sosial media kanallarında keçmiş Silivri
Həbsxanası – indiki Marmara Qapalı Cəza Müəssisəsi ilə bağlı
yayılan iddialara cavab verib.
O, bu iddiaların əsassız olduğunu və həbsxanalarda məhbusların
fundamental hüquqlarının tam təmin edildiyini vurğulayıb.
Nazir bildirib ki, məhbusların ailə görüşləri, sağlamlıq, gigiyena və sığınacaq hüquqları qanunla qorunur və bu prinsiplər ciddi şəkildə icra edilir. O, işgəncə və pis rəftar iddialarını vicdan və anlayışdan uzaq böhtan adlandıraraq, bu cür ittihamların ədliyyə sistemini və cəza müəssisələrini hədəf alan qara təbliğatın bir hissəsi olduğunu qeyd edib.
Türk cəza sisteminin milli və beynəlxalq müstəqil yoxlamalara açıq və şəffaf olduğunu vurğulayan Tunç, "Məhkumlar dövlətimizə əmanətdir. Onlara insan ləyaqətinə uyğun şəkildə davranmaq bizim prinsipimizdir" - deyə bildirib.
Qeyd edək ki, nazir Yılmaz Tunç cəzaçəkmə müəssisələrinin qanunun aliliyi prinsipi əsasında idarə edildiyini və bu sahədə şəffaflığın qorunduğunu vurğulayaraq, Ədliyyə Nazirliyinin insan hüquqlarını ön planda tutan yanaşma ilə fəaliyyətini davam etdirəcəyini bəyan edib.