BAKI, AzerVoice
Türkiyə NATO-nun ən böyük manevrlərindən biri olan Dynamic Mariner/Flotex 25 təlimlərində iştirak edərək həm şəxsi heyət, həm də hərbi texnika baxımından seçilib.
AzerVoice xəbər verir ki, 24 mart - 4
aprel tarixlərində İspaniyanın Cadiz körfəzində keçirilən təlimlərə
Türkiyə 1300 hərbi personal və 4 gəmi ilə qatılıb.
TCG Sancaktar gəmisi təlimin flaqmanı olaraq seçilib, TCG Kemalreis
freqatı isə Daimi NATO Dəniz Qrupu-2-yə türk admiralının rəhbərliyi
ilə komandanlıq edib.
Bundan əlavə, Türkiyə ilk dəfə NATO Amfibiya Missiya Komandanlığını üzərinə götürərək, bu vəzifəni bir il müddətində icra edəcək. Türkiyə bu səviyyədə qərargah və platforma tələblərini yerinə yetirən NATO-dakı yeddinci ölkə olub. Kontr-admiral Nihat Baran bunu Türkiyənin alyansa verdiyi dəstəyin və müttəfiqliyə sadiqliyinin konkret göstəricisi kimi qiymətləndirib.
Təlim çərçivəsində pilotsuz nəqliyyat vasitələrinin dəniz əməliyyatlarına inteqrasiyası sınaqdan keçirilib və Türkiyə yerli istehsal olan zirehli texnika, artilleriya və silah sistemlərini təqdim edib. Bundan əlavə, Türkiyə NATO-nun Dəniz Qiymətləndirməsi (MAREVAL) və Döyüş Hazırlığının Qiymətləndirilməsi (CREVAL) standartlarına uyğun sertifikat alacaq.
Qeyd edək ki, Türkiyə GlobalFirepower.com-un 2025-ci il hesabatına əsasən, 145 ölkə arasında dünyanın 9-cu ən güclü ordusuna sahibdir. Türkiyə Hərbi Dəniz Donanması 147 gəmidən ibarət olmaqla, freqatlar, sualtı qayıqlar və amfibiya hücum qüvvələri ilə müasir dəniz qüvvələrinin əsas rollarını yerinə yetirmək qabiliyyətinə malikdir.