BAKI,AzerVoice
Türkiyədə Uludağda turizm lisenziyası olmadığı üçün yanvar ayında bağlanmış oteldə baş verən yanğında 2 nəfər həyatını itirib,hadisənin araşdırılması üçün genişmiqyaslı istintaq başladılıb.
AzerVoice xəbər verir ki, Bursa
şəhərinin Uludağ bölgəsində yerləşən və lisenziyası olmadığı üçün
bağlanmış oteldə yanğın baş verib.
Hadisə zamanı binada olan 12 nəfərdən xizək təlimatçısı Yəhya Usta
və onun oğlu, milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənərək
dünyasını dəyişib. Yanğın baş verən anda binada işləyən və xizək
kurortuna bağlı olan şəxslərin olduğu bildirilib. Xəbərdarlıqdan
dərhal sonra yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub
və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bursa Böyükşəhər Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsi yanğının yerli vaxtla saat 05:29-da qeydə alındığını və cəmi 3 dəqiqə ərzində müdaxilə edildiyini açıqlayıb. Yanğınsöndürmə işlərinə 25 texnika və 60 nəfərlik heyət cəlb olunub. Lakin hadisə zamanı xizək kurortu sahiblərinin yaşadığı otelin beşinci mərtəbəsində yanğından xilas olmaq mümkün olmayıb. Yəhya Usta, onun həyat yoldaşı Fikriyə və oğlu Berkin Usta tüstüdən təsirlənərək huşsuz vəziyyətdə tapılıb. Təcili tibbi yardıma baxmayaraq, Yəhya Usta və oğlu Berkin Usta dünyasını dəyişib.
Bursa Respublika Baş Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb və ekspertiza təyin edilib. Hadisə yerinə prokuror göndərilib, yanğının səbəblərinin araşdırılması üçün mexaniki-elektrik mühəndisi və yanğınsöndürmə üzrə mütəxəssislərdən ibarət 5 nəfərlik ekspert qrupu işə cəlb olunub.
Qeyd edək ki, Berkin Usta Türkiyənin tanınmış milli xizəkçisi olub və 2022 Pekin Qış Olimpiya Oyunlarında ölkəsini təmsil edən idmançılardan biri idi. 2017-ci ildə Avropa Gənclər Qış Olimpiya Festivalında çıxış edən Usta, 2021-ci ildə FIS Anadolu Kubokunda gümüş medal qazanmışdı. Yanğından bir gün əvvəl o, Uludağdan sosial media hesabında video paylaşmışdı.