Bakı, AzerVoice
Təxribatlara uymayacaq,sonu fəlakətə aparan qaranlıq yollara girməyəcəyik.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamada yer alıb.
Ərdoğan Türkiyə xalqından son baş verən hadisələrə qarşı ayıq olmalarını tələb edib.
"Öz çirkinliklərini ört-basdır etmək üçün gənclərin arxasında gizlənən qorxaqların ucuz siyasətinə aldanmayacağıq.Qanunsuzluğun hesabını hüquq daxilində soracağıq. Biz bu ölkəni küçədə tapmadıq, asan qurmadıq, bu günlərə asan gəlmədik. Bu vətəni küçə terroruna təslim edə bilmərik. Sizdən ayıq olmağınızı istəyirəm. Ağzı və əxlaqı pozulmuş alçaqlara qarşı çox, amma çox diqqətli olmağınızı istəyirəm",- deyə o bildirib.
Türkiyə prezidenti həmçinin, təxribatçıların gərginliyi necə artdırdıqlarından bəhs edib.
"Qardaşı qardaşa qırdırmaq üçün çox hiyləgər oyunlar oynadılar. Gərginliyi artırdılar, qəzəbi böyütdülər. Yalnız gənclərimizin deyil, millətimizin gələcəyini də qaranlığa sürüklədilər. Sadəcə öz maraqlarını qorumaq, pullarına pul, güclərinə güc qatmaq naminə bu ölkənin gənclərini qəpik-quruş kimi xərcləməkdən çəkinmədilər",- deyə Ərdoğan qeyd edib.
Ərdoğan Türkiyə xalqının bir olmaqdan başqa seçiminin olmadığını bildirib.
"Bizim bu vətəndən başqa gedəcək yerimiz yoxdur. Bizim bir olmaqdan, ayıq olmaqdan başqa seçimimiz yoxdur. Nifrəti, düşmənçiliyi deyil, əzəli və əbədi qardaşlığımızı böyütməliyik",- deyə Ərdoğan bildirib.
Bununla yanaşı, Ərdoğan, Türkiyə xalqını Ramazan bayramı münasibətiylə təbrik edib.