Bakı, AzerVoice
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Həmas siyasi bürosunun üzvü Xəlil əl-Hayyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzerVoice xəbər verir ki, Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə kritik görüş keçirib. Görüş bölgədəki hadisələrin və Qəzzada davam edən böhranın kölgəsində baş tutub.
Ankarada keçirilən görüşdə Qəzzada humanitar vəziyyət, atəşkəsə nail olmaq üçün atılacaq addımlar və bölgədə diplomatik təşəbbüslər müzakirə edilib. Fidanın Türkiyənin Fələstin xalqına dəstəyini bir daha vurğuladığı və Qəzzada mülki itkilərə son qoyulması üçün diplomatik səylərin davam edəcəyini ifadə etdiyi öyrənilib.
Fidan Türkiyənin bölgədə sülh və sabitlik üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə davam edəcəyini bildirib. Türkiyənin Qəzzadakı humanitar böhranda beynəlxalq ictimaiyyətin daha fəal rol alması lazım olduğunu ifadə etdiyi bildirilib.
Görüşdən sonra Xarici İşlər Nazirliyindən rəsmi açıqlama gözlənilsə də, HƏMAS nümayəndə heyətinin təmaslarını davam etdirəcəyi bildirilib.