Əsas səhifə » Türkiyə Suriyanın yeni hökümətinə dəstəyini davam etdirəcək

Türkiyə Suriyanın yeni hökümətinə dəstəyini davam etdirəcək

Bakı, AzerVoice

Türkiyə, Suriyadakı yeni hökümətinin daimi sülh və sabitlik təmin etməsi və ölkəni bütün terror təşkilatlarından təmizləmək istiqamətindəki səylərinə dəstək verməyə davam edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) keçirdiyi toplantıda deyilir.

Toplantı zamanı, Suriyanın sabitliyini pozmaq məqsədilə görülən tədbirlərin diqqətlə izlənildiyi və Suriyanın ərazi bütövlüyünün, o cümlədən bütün dini, məzhəbi və etnik kimlikləri ilə vahid strukturunun qorunmasına yönəlmiş yanaşmanın saxlanılacağı qeyd edilib.

Toplantıda, həmçinin, PKK/KCK, PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyinə və təhlükəsizliyinə yönələn hər hansı bir şantaj və təhlükəyə qarşı həm ölkə daxilində, həm də ölkə xaricində əzm, qətiyyət və uğurla davam etdirilən əməliyyatlar və son dövrlərdəki beynəlxalq inkişaflar haqqında Şuraya məlumat verilib.

Eynin zamanda, toplantıda beynəlxalq məsələlərə də toxunulub.

Belə ki, toplantıda Fələstin məsələsi ilə bağlı son vəziyyət müzakirə olunub. İsrailin tətbiq etdiyi soyqırımı dayandıraraq tezliklə atəşkəsə geri dönməsi və humanitar yardımların maneəsiz bölgəyə çatdırılmasının vacibliyi vurğulanıb. Qəzza xalqının öz torpaqlarında sülh və rifah içində yaşaması üçün atılacaq qanuni addımların və Qəzzanın yenidən bərpa olunması səylərinin davam etdiriləcəyi bildirilib.

Bununla yanaşı, toplantıda Rusiya-Ukrayna müharibəsində danışıqlara və diplomatik səylərə üstünlük verən bir prosesin başlanması ilə bağlı məmnunluq ifadə edilib. Türkiyənin, bu prosesin ədalətli bir razılaşma ilə nəticələnməsi və daimi sülhün təmin olunması üçün təşəbbüs göstərməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, toplantı Prezident Kompleksində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçirilib və təxminən 2,5 saat davam edib.

Digər Kateqoriyalar

2025 © Azervoice