Əsas səhifə » Heç Kim Toxunulmaz Deyil - Devlet Bahçeli

Heç Kim Toxunulmaz Deyil - Devlet Bahçeli

BAKI,AzerVoice

Heç kim toxunulmaz və məsuliyyətdən kənar deyil.

AzerVoice xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun həbs qərarı ilə bağlı açıqlama verərək, hüququn üstünlüyünə hörmət etməyin hər kəsin ortaq məsuliyyəti olduğunu bildirib.

Bahçeli vurğulayıb ki, Türkiyə Respublikası hüquqi və demokratik dövlət olaraq insan haqları və ictimai asayişi ön planda tutur. O, ölkədə qanun qarşısında hamının bərabər olduğunu bildirib.

"Hüquq, insanlıq və inanc baxımından hər bir fərd bərabər hüquqlara sahibdir. Vəzifəsi, mövqeyi və məqamı nə olursa olsun, hər kəs qanun qarşısında eyni hüquq və öhdəliklərə malikdir",- deyə Bahçeli vurğulayıb.

Bahçeli, heç kimin ayrı-seçkiliyə məruz qala bilməyəcəyini, eyni zamanda ideoloji, siyasi və iqtisadi imtiyazlara malik olmamalı olduğunu qeyd edib.

"Türk məhkəmə sistemi müstəqil, qərəzsiz və obyektivdir. İstanbul Böyükşəhər Bələdiyyə sədri ilə bağlı hüquqi prosesi təmkin və sağlam düşüncə ilə qarşılamaq, məhkəmənin verəcəyi hər qərara hörmətlə yanaşmaq hamımızın ortaq vəzifəsidir",- deyə o vurğualyıb.

Bahçeli, hüquqi tədbirləri "dövlət çevrilişi" kimi qələmə verməyin və insanları küçələrə səsləməyin cəmiyyətdə xaos yaratmaqdan başqa bir şey olmadığını deyib.

Qeyd edək ki, ​İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu, 19 mart 2025-ci il tarixində səhər saatlarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun saxlanılması İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı istintaq çərçivəsində həyata keçirilib.

Saxlanılma əməliyyatı çərçivəsində İmamoğlunun evində axtarış aparılıb və onun mətbuat müşaviri Murat Ongun da daxil olmaqla, 100-dən çox şəxs haqqında həbs qərarı çıxarılıb. ​

Bundan əlavə, 18 mart 2025-ci il tarixində İstanbul Universiteti İmamoğlunun bakalavr diplomunu ləğv edib. Bu qərar onun prezidentliyə namizədliyini əngəlləyə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice