BAKI,AzerVoice
İstanbul Valiliyi şəhər daxilində ictimai asayişi qorumaq və mümkün təxribatçı hərəkətlərin qarşısını almaq məqsədilə 19-23 mart tarixləri arasında 4 gün müddətinə hər cür toplantı, nümayiş və mətbuat açıqlamasını qadağan etdiyini elan edib.
AzerVoice xəbər verir ki, bu barədə İstanbul Valiliyi bəyanat yayıb.
"Valiliyimiz tərəfindən şəhər daxilində ictimai asayişi qorumaq və mümkün təxribatçı hərəkətlərin qarşısını almaq üçün 19-23 mart tarixləri arasında 4 gün müddətinə hər cür toplantı, nümayiş və mətbuat açıqlaması qadağan edilmişdir",- deyə bildirilib.
Bu qərar 5442 saylı "İl İdarəetmə Qanunu"nun 11/C maddəsi və 2559 saylı "Polis Vəzifə və Səlahiyyət Qanunu"nun 15/H maddələri çərçivəsində qəbul edilib və müxtəlif təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
Bu tədbirlər çərçivəsində, 19 mart 2025-ci il saat 06:00-dan etibarən İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus Metro A.Ş. tərəfindən idarə olunan M1A Yenikapı - Atatürk Hava Limanı və M1B Yenikapı - Kirazlı metro xətlərinin Emniyet-Fatih stansiyasının tamamilə bağlanması və bütün sərnişin giriş-çıxışlarının dayandırılması; M2 Yenikapı - Seyrantepe - Hacıosman metro xəttinin Taksim stansiyasının tamamilə bağlanması və bütün giriş-çıxışların dayandırılması qərara alınıb.
Bununla yanaşı, bəzi küçə və prospektlər də nəqliyyatın hərəkətinə bağlanacaq və müəyyən edilmiş alternativ marşrutlardan istifadə olunacaq.