BAKI, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin sonunda ABŞ-a rəsmi səfəri gözlənilir.
AzerVoice xəbər verir ki, Səfər
çərçivəsində Ərdoğanın Ağ Evdə ABŞ prezidenti Donald Trampla
görüşəcəyi və iki ölkə arasında kritik məsələlərin müzakirə
ediləcəyi bildirilib.
Görüşdə əsas diqqət CAATSA sanksiyalarının qaldırılması, Türkiyənin
yenidən F-35 proqramına daxil edilməsi, F-16 döyüş təyyarələrinin
satışının tamamlanması və Suriyada sabitliyin bərpası üçün
əməkdaşlıq məsələlərinə yönələcək.
Həmçinin, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji
sanksiyalarından Türkiyəyə verilən istisnanın uzadılması da
müzakirə predmeti olacaq.
Səfər eyni zamanda Vaşinqtonda keçiriləcək BVF-Dünya Bankı Bahar toplantıları ilə üst-üstə düşür. Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək həmin iclaslara qatılacaq və ABŞ Maliyyə Naziri Scott Bessent ilə görüşü planlaşdırılır. Şimşək enerji sahəsində sanksiya istisnasının uzadılması üçün Türkiyənin mövqeyini çatdıracaq.
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarının müddəti martın 20-də başa çatır. Türkiyə və Macarıstan kimi ölkələr üçün verilən xüsusi istisnanın uzadılması Ankara üçün strateji əhəmiyyət daşıyır. Bu istisnanın davam etməsi halında Türkiyə təbii qaz tədarükünü Qazprombank vasitəsilə davam etdirə biləcək. Amerika enerji şirkətləri də bu qərarın lehinə çıxış edirlər.
Qeyd edək ki, ABŞ-ın CAATSA sanksiyaları Türkiyənin Rusiyadan S-400 sistemləri alması səbəbindən tətbiq edilib. Ankara bu sanksiyaların ləğvini və NATO daxilində hərbi əməkdaşlığın normallaşdırılmasını istəyir. Bununla yanaşı, Suriyada yeni administrasiyanın qurulması və normallaşma prosesində ABŞ-la birgə fəaliyyət göstərməyi hədəfləyir.