BAKI, AzerVoice
Türk Hava Yollarının (THY) Hüquq və Uyğunluq Qrupu "Lexology European Awards 2025" çərçivəsində "Nəqliyyat və Logistika" kateqoriyasında Avropanın ən yaxşı hüquq komandası seçilib.
AzerVoice xəbər verir ki, martın 13-də
Londonda keçirilən mükafatlandırma mərasimində THY-nin Hüquq və
Uyğunluq Qrupu birincilik mükafatına layiq görülüb.
Bu nüfuzlu mükafat Lexology tərəfindən Korporativ Məsləhətçilər
Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində təqdim edilir və hüquq
sahəsində mükəmməlliyi, strateji baxışı və innovativ yanaşmaları
təqdir edir.
Bu qələbə THY hüquq qrupunun yüksək peşəkarlığını və aviasiya sektoruna strateji töhfəsini bir daha sübut edib. Hüquqi təcrübəyə, əməkdaşlığa və innovasiyalara önəm verən komanda, eyni zamanda, şirkətin beynəlxalq əməliyyatlarının uğurlu icrasına da mühüm töhfə verir.
Bəyanatda THY Hüquq və Uyğunluq Başçısı Berkant Kolçunun fikirlərinə yer verilib. O, ötən il bu mükafata fərdi olaraq layiq görüldüyünü bildirərək, bu il isə komanda şəklində qalib olmağın daha mənalı olduğunu qeyd edib. Kolçu, "Bu mükafat Türk Hava Yollarının yenilikçi və strateji yanaşmasının bir göstəricisidir. Bu uğurun əldə olunmasında rol oynayan bütün komanda üzvlərinə və rəhbərliyə təşəkkür edirəm" deyə vurğulayıb.
Qeyd edək ki, Lexology European Awards hüquq sahəsində qlobal səviyyədə ən nüfuzlu mükafatlardan biri hesab olunur və beynəlxalq şirkətlərin hüquq departamentlərinin fəaliyyətini qiymətləndirir.