Əsas səhifə » Çanaqqala zəfərindən 110 il ötür

Çanaqqala zəfərindən 110 il ötür

BAKI, AzerVoice

Bu gün Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində qazandığı ən mühüm qələbələrdən biri olan Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümüdür.

AzerVoice xəbər verir ki, 1915-ci il martın 18-də Osmanlı ordusu, müttəfiq dövlətlərin güclü donanmasına qarşı qəhrəmanlıq göstərərək düşmənin irəliləməsinin qarşısını alıb.

Bu qələbə, İstanbulun işğalını və Osmanlı imperiyasının parçalanmasını önləyərək, türk millətinin müqavimət gücünü sübut etdi.

Birinci Dünya Müharibəsi zamanı İngiltərə və Fransa Osmanlı İmperiyasını Almaniyadan ayırmaq və İstanbulu ələ keçirmək məqsədilə Çanaqqala boğazına hücum etməyə qərar verdi. 19 fevral 1915-ci ildə müttəfiq donanması Dardanel boğazına ilk bombardmanı həyata keçirdi. Fevralın 25-də ikinci hücum baş verdi və martın 17-nə qədər müttəfiqlər mina təmizləmə işləri apardı. Lakin Osmanlı ordusunun “Nusret” mina gəmisi boğaza yeni minalar yerləşdirdi ki, bu da döyüşün taleyini dəyişdi.

Martın 18-də səhər saat 11:15-də müttəfiqlər böyük hücuma keçsələr də, Osmanlı ordusunun güclü müdafiəsi və minaların təsiri nəticəsində düşmən ağır itkilər verdi. Fransaya məxsus “Buvet”, Britaniyanın “Qarşısıalınmaz” və “Okean” döyüş gəmiləri batırıldı, bir neçə gəmi isə ağır zədələndi.

Bu qələbədən sonra müttəfiqlər quru hücumlarına başlasalar da, Mustafa Kamal Paşanın rəhbərliyi ilə türk ordusu qəhrəmanlıq göstərərək düşmənin Çanaqqalanı keçməsinə imkan vermədi.

Bu qələbə təkcə Osmanlı ordusunun deyil, türk xalqının iradəsinin və milli ruhunun təcəssümü oldu. Bu gün, 110 il sonra, "Çanaqqala keçilməzdir!" şüarı hələ də türk tarixində şanlı bir səhifə olaraq qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice