Bakı, AzerVoice
Türkiyə 2050-ci ildə illik 17 milyard kubmetr təbii qaz istehsal edəcək.
AzerVoice xəbər verir ki, bu haqda Qaz İxrac Edən Ölkələr forumu tərəfindən hazırlana hesabatda məlumat verilib.
Hesabatda, Türkiyənin bölgədə enerji sahəsində strateji gücə çevriləcəyi və 2050-ci ildə illik 17 milyard kubmetr təbii qaz istehsal gücünə çatacağı bildirilib.
Hesabata görə, 2050-ci ilə qədər qlobal qaz istehsalının 5 trilyon 317 milyard kubmetrə çatacağı gözlənilir. Lakin Avropada qaz hasilatında 119 milyard kubmetr azalma gözlənilir. Bu çərçivədə Türkiyənin qaz istehsalında strateji oyunçu kimi önə çıxacağı vurğulanıb.
Hesabatda Sakarya Qaz Sahəsinin istismara verilməsi ilə illik qaz istehsalının 400 milyon kubmetrdən 1 milyard 300 milyon kubmetrə yüksəldiyi, keçən il isə bu göstəricinin 2 milyard 260 milyon kubmetrə çatdığı qeyd edilib. Yeni kəşflər və texnoloji inkişaflarla birlikdə, 2050-ci ildə Türkiyənin illik təbii qaz hasilatının 17 milyard kubmetrə çata biləcəyi bildirilib. Bu irəliləyiş, Türkiyənin enerji idxalını azaltması və enerji müstəqilliyini təmin etməsi yolunda mühüm bir addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Türkiyə enerji sektorunda böyük addımlar ataraq iqtisadi gücünü artırmaqla yanaşı, enerji sahəsində xarici asılılığını da əhəmiyyətli dərəcədə azaldır. Türkiyə təkcə öz qaz ehtiyacını qarşılamaqla kifayətlənmir, eyni zamanda regional enerji mərkəzinə çevrilir. Boru kəmərləri və LNG terminalları ilə Türkiyə, Avropa, Orta Şərq və Rusiya arasında əsas tranzit qovşağına çevrilir. Bu status Türkiyənin enerji bazarındakı rolunu gücləndirərək, qlobal enerji siyasətində daha təsirli mövqe qazanmasına şərait yaradır.