Bakı, AzerVoice
Türkiyənin yüksək sürətli qatarları (YSQ) bu günə qədər 97 milyon çox sərnişinə xidmət göstərib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlunun verdiyi açıqlamada deyilir.
Uraloğlu açıqlamasında, 13 mart 2009-cu ildə Türkiyənin ilk YSQ xəttinin Ankara-Eskişehir arasında istifadəyə verildiyini xatırladıb.
"Ölkəmizi Avropada 6-cı, dünyada isə 8-ci YSQ operatoru etdik. 2011-ci ildə Ankara-Konya xəttini, 2014-cü ildə Konya-İstanbul və Ankara-İstanbul xətlərini, 2022-ci ildə Karaman-İstanbul, Karaman-Ankara və Eskişehir-İstanbul xətlərini, 2023-cü ildə Ankara-Sivas xəttini, son olaraq isə 2024-cü ildə Sivas-İstanbul xəttini vətəndaşlarımızın xidmətinə təqdim etdik" – deyə o qeyd edib.
Hər gün təxminən 32 min insanın YSQ ilə səyahət etdiyini vurğulayan Uraloğlu, 11 şəhərdə ölkə əhalisinin 34,8 faizinə, kombinə (birləşmiş) daşımacılıqla isə əlavə 9 şəhərə bağlantı yaradaraq ümumilikdə 20 şəhərə və əhalinin 51 faizinə YSQ xidmətinin göstərildiyini bildirib.
O, YSQ xətlərinin Ankara, Eskişehir, Konya, Bilecik, Sakarya, Kocaeli, İstanbul, Karaman, Yozgat, Kırıkkale və Sivas şəhərlərinə birbaşa səfərlər etdiyini bildirib.
Nazir, həmçinin qeyd edib ki, 16 il ərzində YSQ-lər ümumilikdə 95 milyon kilometr yol qət edib və təxminən 97 milyon sərnişin daşıyıb.