Bakı, AzerVoice
Türkiyənin neft şirkəti Türkiyə Neft Anonim Ortaqlığı (TPAO), ABŞ-ın ən böyük neft şirkətlərindən TransAtlantic Petroleum və Continental Resources ilə birgə müqavilə imzalayıb.
AzerVoice xəbər verir ki, bu haqda Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar məlumat yayıb.
O, Continental Resources-un ABŞ-ın ən böyük neft istehsalçılarından biri olduğunu, TransAtlantic Petroleum-un isə 17 ildir Türkiyədə fəaliyyət göstərdiyini vurğulayıb.
Nazir qeyd edib ki, TPAO bu şirkətlərlə birlikdə Diyarbəkir hövzəsində qeyri-ənənəvi neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi üçün birgə müəssisə sazişi imzalayıb.
Bayraktar bildirib ki, ən müasir ekoloji və texnoloji yanaşmalarla həyata keçiriləcək bu layihə çərçivəsində yerli işçi qüvvəsinin hazırlanması və texniki biliklərin ötürülməsi də təmin olunacaq.
Son olaraq Bayraktar, Türkiyədə neft kəşfiyyatı sahəsində yeni bir dövrün başlanğıcı olan bu razılaşmanın bütün tərəflər üçün xeyirli olmasını diləyib.