BAKI,
AzerVoice
Türkiyənin Otokar və Nurol Makina şirkətləri Estoniya ordusu üçün
nəzərdə tutulan ARMA 6x6 və YÖRÜK (NMS) 4x4 zirehli texnikalarının
təhvilini planlaşdırılandan daha tez başa çatdırıb.
AzerVoice xəbər verir ki, təxminən 50
avtomobil artıq Estoniya Silahlı Qüvvələrinə təqdim olunub və
Nursipalu Təlim Sahəsində bu texnikalar ictimaiyyətə nümayiş
etdirilib.
Estoniya Müdafiə Naziri Hanno Pevkur yeni zirehli texnikaların təqdimat mərasimində çıxış edərək Türkiyə ilə bu əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.
"Bu avtomobillərin qısa müddətdə təhvil verilməsi böyük bir
nailiyyətdir. İlk testlərdən görünür ki, maşınlar yüksək performans
nümayiş etdirir. Ordu olaraq ən yaxşı texnika ilə təchiz
olunmalıyıq və güclü olmağımızın vacib olduğunu açıq şəkildə
göstərməliyik."- deyə o bildirib.
Otokar və Nurol Makina nümayəndələri də layihənin uğurlu icrasından məmnun olduqlarını bildiriblər. Otokar şirkətinin Askeri Araçlar üzrə baş direktor müavini Sedef Vehbi qeyd edib ki, Estoniyanın tələbləri vaxtında və effektiv şəkildə yerinə yetirilib və müştəri yüksək razılıq ifadə edib.
Nurol Makina-nın Strateji Planlama və Pazar Geliştirme direktoru Emre Akın isə YÖRÜK 4x4-ün NATO daxilində əhəmiyyətli bir qüvvəyə çevriləcəyini bildirib.
Türkiyənin müdafiə sənayesi üçün böyük əhəmiyyət kəsb edən bu müqavilə, bölgədəki digər Avropa ölkələrinin də Türkiyə istehsalı zirehli texnikalara marağını artırıb. Estoniya ilə əməkdaşlığın uğuru, Romaniya ilə yeni bir müqaviləyə də zəmin yaradıb.
Türkiyənin Avropa müdafiə bazarındakı mövqeyini gücləndirən bu
layihə çərçivəsində Türk istehsalı zirehli maşınların NATO-da
istifadəsi genişlənməkdədir.