BAKI, AzerVoice
Türkiyənin Daxili İşlər Nazirliyi 25 vilayətdə
kibercinayətkarlığa qarşı genişmiqyaslı əməliyyat keçirib.
AzerVoice xəbər verir ki, Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, qeyri-qanuni mərc
oyunları, fırıldaqçılıq, onlayn uşaq istismarı kimi cinayətlərə
qarşı aparılan əməliyyatlar nəticəsində 76 şübhəli saxlanılıb.
Əməliyyatlar Respublika Baş Prokurorluğunun və Təhlükəsizlik Baş İdarəsi Kibercinayətkarlıqla Mübarizə Başçılığının koordinasiyası ilə həyata keçirilib. Saxlanılan şəxslərin qanunsuz mərc saytları vasitəsilə pulların köçürülməsinə vasitəçilik etdikləri, sosial mediada saxtakarlıq məqsədilə müxtəlif üsullardan istifadə etdikləri və kriptovalyuta mübadiləsi yolu ilə dələduzluq etdikləri müəyyən edilib.
Nazir Yerlikaya bildirib ki, əməliyyat zamanı çoxlu sayda rəqəmsal material müsadirə olunub və istintaq davam edir.
"Unutmayaq ki, kibercinayətkarlığa qarşı ən güclü qalxan maarifləndirmədir. Şübhəli hallarla qarşılaşdıqda 112 Zəng Mərkəzinə məlumat verin. Biz lazımi tədbirləri görəcəyik." - deyə o kibercinayətkarlığa qarşı mübarizənin gücləndiriləcəyini vurğulayıb.