BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstiqlal Marşının ruhunun və Mehmet Akif Ersoyun ideallarının daim yaşadılacağını bildirib.
AzerVoice xəbər verir ki, Ərdoğan 12
Mart İstiqlal Marşının qəbulu və Mehmet Akif Ersoyun anım günü
münasibətilə xalqa müraciət edib.
O, İstiqlal Marşının türk millətinin iradəsinin, azadlıq eşqinin və
mübarizə ruhunun ən güclü ifadəsi olduğunu vurğulayıb.
Ərdoğan, Mehmet Akif Ersoyun sadəcə bir şair deyil, eyni zamanda vətənpərvər bir şəxsiyyət olduğunu qeyd edərək, onun qələmə aldığı misraların millətin mənəvi gücünü artırdığını və azadlıq mübarizəsinin rəmzinə çevrildiyini bildirib.
"Dünən olduğu kimi, bu gün də Asımın nəsli olaraq, İstiqlal Marşında qeyd olunan dəyərləri hər zaman qoruyacaq, Mehmet Akifin ideallarını yaşatmağa davam edəcəyik" – deyə Türkiyə Prezidenti vurğulayıb.
Qeyd edək ki, 1921-ci ilin 12 martında qəbul edilən İstiqlal Marşı, Türkiyənin istiqlal mübarizəsinin simvolu hesab olunur. Mehmet Akif Ərsoy tərəfindən qələmə alınan bu marş, Türk millətinin azadlıq və istiqlal eşqinin poetik ifadəsidir.