Əsas səhifə » Türkiyə külək enerjisi sektorunda Avropada ilk üçlükdədir

Türkiyə külək enerjisi sektorunda Avropada ilk üçlükdədir

BAKI, AzerVoice

Türkiyə keçən il əlavə etdiyi 1,3 giqavat külək enerjisi tutumu ilə Avropada quruda külək enerjisinin artırılması baxımından üçüncü yeri tutub.

AzerVoice xəbər verir ki , Avropa Külək Enerjisi Assosiasiyası WindEurope-un 2024-cü il üzrə hesabatına əsasən, Avropada ötən il külək enerjisində ümumilikdə 16,4 giqavat güc artımı qeydə alınıb. Bu artımın 13,8 giqavatı quruda yerləşən külək elektrik stansiyalarının payına düşüb.

Almaniya 3,2 giqavat əlavə quraşdırma ilə siyahıya liderlik edib, onu 1,4 giqavatla Finlandiya və 1,3 giqavatla Türkiyə izləyib. Türkiyə, eyni zamanda, 272 yeni külək turbini ilə Avropada ən çox turbin quraşdıran üçüncü ölkə olub.

Ümumilikdə Avropanın külək enerjisi gücü keçən ilin sonunda 285 giqavata çatıb ki, bunun 248 giqavatı quruda, 37 giqavatı isə dənizdə yerləşən külək elektrik stansiyalarının payına düşür.

Qeyd edək ki, 2025-2030-cu illər arasında Avropada təxminən 186 giqavat yeni külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır və yeni investisiyaların 75 faizinin qurudakı külək elektrik stansiyalarına yönləndirilməsi hədəflənir.

Digər Kateqoriyalar

2025 © Azervoice