Bakı,
AzerVoice
Bütün səylərimiz Fələstin xalqına dəstək olmaqdır, Qəzza xalqına
yardım çatdırmaq üçün səfərbər olduq
AzerVoice xəbər verir ki , Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya “Qəzzəyə Əl-Ələ Yardım”
kampaniyasının açılışında çıxış edib.
Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) koordinasiyasında
həyata keçirilən kampaniya çərçivəsində Ramazan ayı boyunca Qəzzaya
humanitar yardım göndəriləcək. AFAD-ın təşkil etdiyi təqdimat
proqramı “Qəzzəyə Əl-Ələ” videoçarxının nümayişi ilə başlayıb.
Nazir Yerlikaya çıxışında Türkiyənin ehtiyacı olan hər kəsin yanında olduğunu vurğulayaraq, “Müqəddəs Ramazan ayına sayılı günlər qalıb. QHT-lərimizlə birlikdə yeni bir yardım kampaniyasına başlayırıq və deyirik: Qəzza üçün əl-ələ” ifadəsini işlədib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladaraq, “İsrailin bütün zülmlərinə baxmayaraq, Qəzza xalqı torpaqlarını tərk etməyəcək, Qəzzada yaşamağa və Qəzzanı qorumağa davam edəcək” mesajını verib.
Nazir Yerlikaya İsrailin hücumları nəticəsində 61 mindən çox dinc sakinin həyatını itirdiyini, 112 min insanın yaralandığını və təxminən 2 milyon nəfərin məcburi köçkün olduğunu xatırladıb.
Türkiyənin Qəzzaya humanitar yardım çatdırmaq üçün hava və dəniz körpüsü qurduğunu bildirən Yerlikaya, indiyədək 96 min ton humanitar yardımın çatdırıldığını açıqlayıb. O, yardım səylərinin davam edəcəyini vurğulayaraq, “Zülm qarşısında baş əyməyən, şərəflə müqavimət göstərən fələstinli qardaşlarımıza dəstək olmağa davam edəcəyik” deyib.
Kampaniyanın təqdimat tədbirinə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, AFAD nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıb.