BAKI, AzerVoice
Türkiyədə Ankara Respublika Prokurorluğu, Fətullahçı Terror Təşkilatının (FETÖ) Hərbi Hava Qüvvələri Komandanlığı daxilində gizli bir struktur formalaşdırdığı iddiası ilə aparılan istintaq çərçivəsində 14 şübhəli barəsində həbs qərarı verib.
AzerVoice xəbər verir ki , terror Cinayətləri İstintaq Bürosunun apardığı araşdırmalara görə, bu şəxslərin təşkilatın maliyyə fəaliyyətləri ilə məşğul olduğu və gizli rabitə metodlarından istifadə etdiyi müəyyən edilib.
İstintaq çərçivəsində şübhəlilərin Ankarada yerləşən köşk, ərzaq mağazası və marketlərdə quraşdırılmış ön ödənişli stasionar telefonlardan istifadə edərək FETÖ-nün “mülki liderləri” ilə əlaqə saxladıqları müəyyən olunub.
Bundan əlavə, onların təşkilatın Hərbi Hava Qüvvələri daxilində gizli bir struktur yaratdıqları və bu çərçivədə müxtəlif fəaliyyətlər göstərdikləri məlum olub.
Ankara Prokurorluğunun qərarı əsasında Ankara mərkəzli 4 şəhərdə eyni vaxtda əməliyyatlar təşkil edilib. Şübhəlilərin saxlanılması üçün Ankara Polis İdarəsinin xüsusi qrupları tərəfindən əməliyyatlar həyata keçirilir.