Bakı, AzerVoice
Türkiyənin müdafiə sənayesində önəmli addım kimi qiymətləndirilən Bayraktar TB2 pilotsuz uçuş aparatı (PUA) yeni nəsil texnologiyalarla təkmilləşdirilib.
AzerVoice xəbər verir ki, yeni versiya Bayraktar TB2T-AI adı ilə təqdim olunaraq, turbo mühərriki və qabaqcıl süni intellekt sistemləri ilə sınaq uçuşlarını uğurla başa vurub.
Baykar şirkətindən verilən məlumata görə, yeni model yüksək sürət, uzunmüddətli uçuş və avtomatik hədəf tanıma xüsusiyyətləri ilə döyüş meydanında tarazlığı dəyişəcək. Qabaqcıl süni intellekt dəstəyi sayəsində İHA müstəqil qərarvermə qabiliyyəti qazanıb və müxtəlif hava şəraitində effektiv fəaliyyət göstərmək imkanı əldə edib.
Baykar nümayəndələri bildiriblər ki, Bayraktar TB2T-AI yüksək hündürlükdə və sərt şəraitdə əməliyyat aparma bacarığı ilə diqqət çəkir. Yeni nəsil turbo mühərrik sayəsində cihaz daha uzun məsafələrə uça bilir və sürəti əvvəlki modellərlə müqayisədə xeyli artıb.
PUA-nın ağıllı uçuş sistemi insan müdaxiləsinə minimal ehtiyac duyaraq, real vaxtda məlumat toplayır və ətraf mühiti təhlil edərək optimal uçuş marşrutlarını təyin edir. Bu texnologiya döyüş əməliyyatlarında çevik reaksiya vermək üçün vacib üstünlüklər təqdim edir.
Ekspertlər yeni nəsil Bayraktar TB2T-AI-nin təkcə Türkiyə ordusunun deyil, həmçinin bir sıra ölkələrin hərbi arsenalında strateji üstünlük təmin edəcəyini vurğulayırlar. Baykar texnologiyaları ilə təchiz edilmiş bu modelin beynəlxalq bazarda da böyük maraq doğuracağı gözlənilir.
Qeyd edək ki, Bayraktar TB2 indiyə qədər 30-dan çox ölkəyə ixrac olunub və müxtəlif döyüş əməliyyatlarında effektivliyi ilə seçilib. Yeni versiyanın səmərəli istifadəsi ilə bağlı təlimlər artıq başlayıb.