Bakı, AzerVoice
Türkiyə müdafiə sənayesində milli pilotsuz uçuş aparatları (PUA) üzərindən ixrac edilən Çox Modlu Hava Radarı MILSAR, ilk dəfə bir PUA istehsalçısına ixrac edildi.
AzerVoice-un məlumatına görə, Meteksan Savunma, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisi və Konfransında dünyanın qabaqcıl yüksək texnologiya və müdafiə qruplarından biri olan EDGE çərçivəsində avtonom sistemlər və xidmət sahəsində fəaliyyət göstərən ADASI ilə MILSAR radarlarının GARMOOSHA PUA-ya inteqrasiyası üçün müqavilə imzaladı.
Bu inteqrasiya, GARMOOSHA-ya potensial hədəflərin aşkar edilməsi və izlənməsi üçün yeni qabiliyyətlər qazandıracaq.
Məlumat üçün bildirək ki, MİLSAR Sintetik apertur (açıqlıq) və hərəkətli hədəf aşkarlama radarları, elektro-optik sensorların təsirsiz qaldığı hava şəraitində də yüksək ayırdetmə qabiliyyətli görüntülər təmin edə bildiyi üçün kəşfiyyat və müşahidə təyyarələri ilə peyklər üçün əvəzolunmaz sensor statusuna malikdir.
Kəşfiyyat, müşahidə, və hücum əməliyyatları üçün hava platformalarında istifadə məqsədilə hazırlanan MILSAR, uzunmüddətli missiyaları ilə göydə "müşahidə nöqtəsi" kimi xidmət edən PUA-ların elektro-optik sistemlərin təsirsiz olduğu pis hava şəraitində və ya buludların üzərində uçarkən belə effektiv işləməsinə imkan verir.
Radar, taktiki sinif PUA-ların da yük daşıma qabiliyyətinə uyğun qədər az həcm, çəki və enerji sərfiyyatına malikdir.
İnkişaf etmiş texnologiyası və yenilikçi memarlıq yanaşmaları sayəsində yüngülləşdirilən və ölçüləri kiçikləşdirilən MILSAR, bir taktiki PUA-nın istehsal edə biləcəyi enerji tutumuna uyğun olması ilə oxşarlarından fərqlənir.
30 kiloqramdan az çəkisi, uzun məsafələrdən yüksək ayırdetmə qabiliyyətli görüntü əldə etmə qabiliyyəti və platformalara asanlıqla inteqrasiya edilə bilməsi ilə MILSAR, PUA-ların ən vacib faydalı yük variantlarından biri sayılır.
Radar, potensial hədəflərin aşkarlanması və izlənməsi üçün hər əkətli hədəf aşkarlama (MTI) rejimləri ilə işləyir və istənilən hava şəraitində yüksək ayırdetmə qabiliyyətli radar görüntüləri, hədəf təsnifatı və ərazi topoqrafiyası istehsalı üçün Sintetik Apertur Radar (SAR) rejimlərinə malikdir.
GARMOOSHA isə taktiki kəşfiyyat, müşahidə və araşdırma missiyaları üçün hazırlanmış və təkmilləşdirilmiş fırlanan qanadlı PUA-dır. Bu PUA öz sinfində tamamilə BƏƏ istehsalı olan ilk PUA xüsusiyyətini daşıyır.