Bakı,AzerVoice
Egey dənizində davam edən seysmik aktivlik sunami riskini
artırıb.
AzerVoice xəbər verir ki, Türkiyəli
mütəxəssislər, mümkün bir sunaminin sahillərə təxminən 30 dəqiqə
ərzində çata biləcəyi barədə xəbərdarlıq ediblər.
Türkiyənin Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri Prof. Dr. Həsən Sözbilir, son zəlzələlərin Santorini adasının şimalında baş verdiyini bildirib. O, bu bölgədə bir neçə aktiv vulkanın olduğunu və keçmişdə vulkan püskürmələrinin zəlzələ və sunamilərə səbəb olduğunu vurğulayıb.
Prof. Dr. Ahmet Erdem isə eramızdan əvvəl 1600-cü ildə Santorini vulkanının püskürməsinin 6 bal gücündə bir zəlzələ yaratdığını xatırladıb. O, yenidən bir püskürmə halında atmosferə böyük miqdarda kül və qazın yayılacağını, bunun isə hava çirklənməsinə və kənd təsərrüfatına ciddi təsir edəcəyini bildirib.
Sözbilir, sunaminin zəlzələdən sonra baş verdiyini və sahillərə çatmasının ən azı 30 dəqiqə çəkəcəyini qeyd edib. “Sunami baş verdikdə nə edəcəyimizi bilsək, problemimiz olmayacaq. Sahildən uzaqlaşıb, daha yüksək ərazilərə çıxmalıyıq,” – deyə o, tövsiyə edib.
Egey dənizindəki seysmik aktivliyin izlənilməsi və mümkün təbii fəlakətlərə qarşı hazırlıqlı olmaq tövsiyə edilir.