Bakı,
AzerVoice
Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan ASSAN
Group, Cənubi Koreyaya MK seriyalı təyyarə bombalarının satışı üçün
müqavilə imzalamağa hazırlaşır.
AzerVoice xəbər verir ki, Şirkətin baş
direktoru Gürcan Okumuş, Əbu-Dabidə keçirilən IDEX 2025 sərgisində
TRT News-a verdiyi açıqlamada, Cənubi Koreyanın dünyanın aparıcı
hərbi ixracatçılarından birinə çevrildiyini və Türkiyənin də bu
ölkəyə silah tədarükçüsü olacağını vurğulayıb.
"Onlar dünyaya satırlar, biz də onlara satacağıq. MK seriyalı təyyarə bombaları ilə bağlı tenderdə razılaşdığımızı deyə bilərik. Müqavilənin tezliklə imzalanacağını gözləyirik." –deyə Okumuş bildirib.
ASSAN Group hibrid mühərrik texnologiyaları üzərində də işləyir. Okumuş bildirib ki, M60-T və Leopard tanklarının ötürücü sistemlərini qorumaq və gücləndirmək üçün ciddi imkanlara malikdirlər.
Bununla yanaşı, 1000 at gücündə hibrid mühərrik istehsal etməyi və ilk prototipi IDEF 2025 sərgisində təqdim etməyi planlaşdırırlar.
"Son illərdə dünyada ən mühüm tendensiya hibrid mühərriklərin
istifadəsidir. Biz də öz resurslarımızla layihə hazırlayırıq. Bu
mühərrik fırtına haubitsalarında və oxşar sistemlərdə istifadə
oluna bilər. Bu, sektorda fərq yaradacaq və biz bu il ərzində
əməliyyat sınaqlarını tamamlamağı hədəfləyirik." - deyə Okumuş
bildirib.
Qeyd edək ki, ASSAN Group yalnız Cənubi Koreya ilə deyil, həmçinin
Azərbaycan, BƏƏ və Afrika bazarları ilə də sıx əməkdaşlıq etdiyini
açıqlayıb. Şirkət Naxçıvanda yeni istehsal xətti qurur və BƏƏ-də də
istehsal müəssisəsi açmağı planlaşdırır. Baş direktor Okumuşun
sözlərinə görə, hazırda əsas diqqət kütləvi istehsalın
gücləndirilməsinə və infrastrukturun təkmilləşdirilməsinə
yönəlib.