Əsas səhifə » ASELSAN-ın yeni hava müdafiə sistemi GÖKSUR atış testindən uğurla keçib

ASELSAN-ın yeni hava müdafiə sistemi GÖKSUR atış testindən uğurla keçib

Bakı, AzerVoice

ASELSAN və TÜBİTAK SAGE tərəfindən hazırlanan Türkiyənin yerli və milli hava hücumundan müdafiə sistemi GÖKSUR, dəniz platformasından ilk uğurlu atışını həyata keçirdi.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə texnologiya şirkəti ASELSAN məlumat verib.

Məlumatda GÖKSUR-un atış testi TCG BEYKOZ gəmisindən Sinop sahillərində icra olunduğu bildirilib. Test zamanı GÖKSUR Güdümlü Raket Sistemi BOZDOĞAN raketindən istifadə edib. Çoxistiqamətli məlumat ötürmə sistemi sayəsində yüksək performans nümayiş etdirən bu sistem, Türkiyə Dəniz Qüvvələrinin tələblərinə uyğun olaraq inkişaf etdirilib.

Məlumat üçün bildirək ki, GÖKSUR sistemi gəmi əleyhinə və qanadlı raketlərə, silahlı və silahsız pilotsuz uçuş aparatlarına, döyüş təyyarələri və helikopterlərə qarşı effektiv hava müdafiəsi təmin etmək üçün dizayn edilib. 360 dərəcə hədəf məhv etmə qabiliyyətinə malik bu sistem yeni nəsil infraqırmızı (IIR) axtarıcı başlıqlı idarə olunan raketlərdən istifadə edir.

Fırkateyn və korvet kimi müxtəlif dəniz platformalarına inteqrasiya edilə bilən modulyar quruluş sayəsində GÖKSUR, böyük ixrac potensialına malikdir. 2024 EURONAVAL Sərgisində nümayiş etdirilən sistem beynəlxalq aləmdə böyük marağa səbəb olub.

GÖKSUR Hava Hücumundan Müdafiə Sistemi, üç fərqli konfiqurasiya ilə istismara veriləcək:

GÖKSUR 100-N VLS – Düz şaquli buraxılış sistemi (Modular Vertical Launch System)
GÖKSUR 100-N/StA – Müstəqil işləyə bilən sistem (All in One System)
GÖKSUR 100-N – Döyüş İdarəetməsi ilə işləyə bilən sistem (Combat Management Integrated System)

GÖKSUR süni intellekt dəstəkləyən atış idarəetmə sistemi və çoxsaylı hədəf izləmə qabiliyyəti ilə təchiz olunub. Səthə yaxın uçan təhlükələrə qarşı təsirini artıran sistem, məlumat ötürmə və ara mərhələ raket idarəetmə texnologiyaları sayəsində hava və dəniz müdafiəsində vacib rol oynayacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice