Bakı, AzerVoice
İstanbulda iki gün ərzində Trampın Qəzza planına qarşı kütləvi etirazlar keçirilib.
AzerVoice-un məlumatına görə, etirazçılar Trampdın Qəzzadan əl çəkməsini, Türkiyənin NATO-dan çıxmasını və İsraillə bütün əlaqələri kəsməsini istəyiblər.
“Fələstinə Azadlıq Platforması” Taksim Meydanında Trampın Qəzza ilə bağlı açıqlamalarına etiraz olaraq yürüş təşkil edib. Nümayişçilər “Sionist Tramp… Qəzzadan əl çək!”, “Amerika qatil, İsrail qatil”, “Tramp, əllərini Fələstindən çək!”, “Sionizm məğlub olacaq, fələstinlilər qalib gələcək!”, “Qəzza qəzzalılara məxsusdur” kimi şüarlar səsləndiriblər.
Platforma yaydığı bəyanatda Trampın Qəzza ilə bağlı təhdidlərinin imperialist bir plan olduğunu, fələstinlilərin illərdir işğal altında yaşadığını bildirib. Həmçinin vurğulanıb ki, Trampın Qəzza üzərində ABŞ nəzarəti qurmaq və bölgəni "Yaxın Şərqin Rivierası"na çevirmək planı əslində fələstinliləri öz torpaqlarından çıxarmağı hədəfləyən bir soyqırımın proqramıdır.
Bəyanatda fələstin torpaqlarının əsl sahibinin fələstin xalqı olduğu, işğalçıların isə oranı tərk etməli olduğu vurğulanıb. Tramp və İsrail hökumətinin fələstin xalqının müqavimətini zəiflətməyə çalışdığı, lakin Qəzzadakı aylarla davam edən işğalın xalqın dirənişi sayəsində dəf edildiyi qeyd edilib. Atəşkəs razılaşmasının tarixi bir nailiyyət olduğu və Qəzzadakı xalqın bütün hücumlara baxmayaraq, torpağını qorumağa davam edəcəyi bildirilib.
Bəyanatda Türkiyə hökumətinə və xalqına fələstinlilərlə həmrəyliyi artırmaq, İsraillə bütün diplomatik və ticari əlaqələri kəsmək, İsrailə tam embarqo tətbiq etmək və NATO-dan çıxmaq çağırışı edilib.