Bakı,
AzerVoice
STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) tərəfindən
hazırlanan portativ fırlanan qanadlı milli zərbə PUA sistemi olan
"Kargu" 2018-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarına
daxildir və artıq 10-dan çox ölkəyə ixrac edilib.
AzerVoice xəbər verir ki, 30 yanvar - 2 fevral tarixlərində Antalyada keçirilən "Müdafiə və Aviasiya Sənayesində 4-cü Qlobal Strategiyalar Konfransı"nda STM baş direktoru Özgür Güleryüz, 2024-cü ilin Türkiyə müdafiə sənayesi üçün məhsuldar keçdiyini bildirib. O, STM-in əsas fəaliyyət sahəsinin hərbi dənizçilik olduğunu və bu sahədə mühüm ixrac uğurlarına imza atdıqlarını vurğulayıb. Xüsusilə Malayziya Kral Donanması üçün üç yeni korvet və iki liman gəmisi istehsalına dair müqavilənin əhəmiyyətini qeyd edib.
STM-in "MİLGEM" (Milli Gəmi) layihəsində mühüm rol oynadığını bildirən Güleryüz, bu çərçivədə Türkiyənin ilk milli korvet layihəsində mühəndislik dəstəyi verdiklərini və yeni korvetlərin inkişaf etdirildiyini vurğulayıb.
PUA sistemlərinə toxunan Güleryüz, "Kargu"nun 2018-ci ildən ordunun istifadəsində olduğunu və son illərdə ixracatının artdığını bildirib. O, "Kargu"ya olan marağın yüksəldiyini, ilkin sifariş verən ölkələrin yenidən sifarişlər etdiyini və yeni nəsil zireh deşici sursatların sınaqlarının yekunlaşmaq üzrə olduğunu bildirib. STM tərəfindən hazırlanan "Alpagu", "Toğan" və "Boyğa" PUA-larının da böyük diqqət çəkdiyini qeyd edib.
Türkiyənin müdafiə sənayesində dünya brendinə çevrildiyini vurğulayan Güleryüz, sektorda davamlı Ar-Ge və innovasiya işlərinin aparıldığını və pilotsuz dəniz vasitələri, sualtı qayıqlar və dronlarla bağlı layihələrin davam etdiyini qeyd edib. O, 2025-ci ilin daha böyük uğurlarla dolu bir il olacağına ümid etdiklərini bildirib.