Əsas səhifə » Nazir Bolat Malayziyada investorlarla görüşlər keçirib

Nazir Bolat Malayziyada investorlarla görüşlər keçirib

Bakı, AzerVoice

Türkiyənin Ticarət naziri Ömer Bolat Malayziyanın Baş naziri Ənver İbrahim və İnvestisiya, Ticarət və Sənaye naziri Tengku Zafrul Əziz ilə görüşərək, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.

AzerVoice xəbər verir ki, nazir Bolat görüşləri ilə bağlı sosial media hesabında paylaşım edərək, Prezident Rəcəb Tayyib Ərdoğanın proqramı çərçivəsində Malayziyada olduqlarını və bu səfərin Türkiyə-Malayziya əlaqələrinə mühüm töhfə verəcəyini bildirib.

Nazir görüşlər zamanı Türkiyə ilə Malayziya arasında artan ticarət həcminin balanslı və davamlı şəkildə inkişaf etdirilməsi, müdafiə sənayesi də daxil olmaqla strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini gündəmə gətirib. O, tərəflərin bu istiqamətdə ortaq səyləri artırmaq barədə razılığa gəldiyini və qarşılıqlı investisiyaların həcmini 10 milyard dollara çatdırmaq üçün konkret addımların müzakirə edildiyini vurğulayıb.

Bundan əlavə, Bolat Dünya Türk İş Şurasının (DTİK) Malayziya Toplantısı çərçivəsində ölkədəki fəal investorlar və iş adamları ilə də bir araya gəlib. Görüş zamanı prezident Ərdoğanın da xüsusi vurğuladığı 10 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün atılacaq addımlar, iş adamlarının tələb və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Bolat bildirib ki, Türkiyə Malayziya ilə ticarət əlaqələrini balanslı şəkildə artırmağa, ticarət portfelini daha da şaxələndirməyə və Asiya bazarına giriş qapısı rolunu oynayan Malayziyada mövqeyini gücləndirməyə davam edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice