BAKI,
AzerVoice
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Şırnakda yerləşən
Qabar dağında aparılan əməliyyatları izləyib və bölgədəki
təhlükəsizlik vəziyyəti ilə bağlı açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Nazir
terrorla mübarizənin qətiyyətlə davam etdiyini və Türkiyənin terror
təhdidindən tamamilə azad edilməsi üçün əzmlə çalışdıqlarını
bildirib.
Yerlikaya, 40 ildən artıqdır davam edən terrorla mübarizənin son mərhələyə keçdiyini vurğulayaraq, “Biz terrordan azad Türkiyə hədəfi baxımından buna terrorun son nəfəsi deyirik” ifadəsini işlədib. O qeyd edib ki, ölkə daxilində Daxili İşlər Nazirliyi, sərhədlər kənarında isə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə terrorun tamamilə yox edilməsinə çalışırlar.
Keçən il kənd və şəhərlərdə həyata keçirilən 49 min 902
əməliyyatda 842 terrorçunun zərərsizləşdirildiyini bildirən nazir,
“Bu mübarizəni dayanmadan, fasilə vermədən, eyni əzm və qətiyyətlə
davam etdirəcəyik” - deyə bildirib.
Yerlikaya, Qabar dağında yerləşən Şəhid Aybüke Yalçın-1 neft
quyusunu da ziyarət edib. Türkiyə Neft Şirkətinin (TPAO) baş
direktoru Əhməd Türkoğludan bölgədə aparılan işlər barədə məlumat
alan Yerlikaya, Türkiyənin enerji ehtiyatlarının artırılması
istiqamətində mühüm addımlar atıldığını qeyd edib.