Bakı, AzerVoice
Estoniya Nurol Makina-nın NMS 4×4 və Otokarın Arma 6×6 zirehli maşınlarını almağa başlayıb.
AzerVoice xəbər verir ki, bu haqda İngiltərədə keçiriliən Beynəlxalq Zirehli Vasitələr (IAV) 2025 konfransında məlumat verilib.
Məlumatda qeyd olunur ki, NMS və Arma maşınları Estoniya Müdafiə Qüvvələrinin 2-ci Piyada Briqadası tərəfindən istifadə ediləcək. 1-ci Piyada Briqadası da NMS maşınlarından faydalanacaq.
Bundan əlavə, dörd NMS maşını Estoniya Xilasetmə Şurasının Partlayıcı Sursatların Zərərsizləşdirilməsi Mərkəzinə ayrılıb.
Müqavilələr 10 il müddətində qüvvədə olacaq. Bu müddət ərzində əlavə zirehli texnika və ehtiyat hissələrinin tədarükü, texniki xidmət-təmir tələbləri və nəqliyyat vasitələrinin inkişafı kimi xidmətlər həyata keçiriləcək.
IAV 2025 konfransında edilən açıqlamaya görə, avtomobil tədarüklərinə 2024-cü ilin ikinci yarısında başlanılıb və il yarım ərzində tamamlanması planlaşdırılır.
Qeyd edək ki, Estoniya 18 oktyabr 2023-cü ildə Türkiyənin müdafiə sənayesi şirkətlərinə ümumilikdə 230 avtomobil sifariş edib. Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) bu avtomobilləri, habelə sənədləşməni, təlimləri, xüsusi avtomobilləri, avadanlıqları və ehtiyat hissələrini əhatə edən müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 200 milyon avro (208 milyon ABŞ dolları) olaraq açıqlanıb.