Əsas səhifə » Türkiyə və İsveç terrorla mübarizədə yeni mərhələyə başlayır

Türkiyə və İsveç terrorla mübarizədə yeni mərhələyə başlayır

Bakı, AzerVoice

İsveç nümayəndə heyəti sabah Ankarada keçiriləcək Təhlükəsizlik Mexanizmi toplantısında iştirak edəcək.

AzerVoice xəbər verir ki, görüşdə Türkiyə və İsveçdən nazirlər, o cümlədən Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Daxili İşlər Naziri Ali Yerlikaya, İsveçin Xarici İşlər Naziri Maria Malmer Stenergard və Ədliyyə Naziri Qunnar Strömmer yer alacaq.

Toplantıda əsas diqqət terrorla mübarizədə əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək. Hakan Fidan İsveç tərəfinin PKK/PYD/YPG və FETÖ terror təşkilatlarına qarşı əlavə tədbirlər görməsini və bu təşkilatların maliyyə və təbliğat fəaliyyətlərini dayandırmasını tələb edəcək. Bundan əlavə, Fidan Avropada artan islamofobiya və irqçiliklə mübarizədə Türkiyənin narahatlıqlarını vurğulayacaq.

Təhlükəsizlik Mexanizmi toplantısı əvvəlcə 2024-cü ilin sentyabrında keçirilməli idi, lakin İsveç heyətinin texniki problemləri səbəbindən təxirə salınmışdı.

Qeyd edək ki, İki ölkə arasında əməkdaşlıq 2022-ci ildə NATO Madrid Zirvəsində imzalanmış Üçtərəfli Anlaşma Memorandumuna əsaslanır. Memorandum İsveç və Finlandiyanın terrorla mübarizə qanunvericiliyini gücləndirməsini və terror təşkilatlarına dəstəyin qarşısını almasını nəzərdə tutur. İsveç artıq bu istiqamətdə bir sıra addımlar atıb, o cümlədən yeni Terrorla Mübarizə Aktı qəbul edib, bəzi PKK üzvləri ilə bağlı məhkəmə işləri başladıb və PKK-nın maliyyə mənbələrinə nəzarəti artırıb.

Görüş zamanı İsveç tərəfinin öhdəliklərin yerinə yetirilməsinə dair yol xəritəsini təqdim etməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice