Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ruanda, Almaniya,
Gürcüstan və Türkmənistanla imzalanmış beş beynəlxalq müqavilə
razılaşmasını təsdiq edib.
AzerVoice xəbər verir ki, prezident
tərəfindən təsdiqlənmiş müqavilələr Rəsmi Qəzetdə dərc edilib.
İlk olaraq, Sənaye və Texnologiya Nazirliyi ilə Almaniya İnkişaf Bankı arasında 23 fevral 2024-cü il tarixində imzalanmış “Türkiyədə Sosial və İqtisadi Birliyi Təşviq Etmək üçün Özəl Sektorun Gücləndirilməsi 2 Layihəsi” çərçivəsində “Qrant və Layihənin İcra Müqaviləsi” təsdiqlənib. Bu müqavilə ilə özəl sektorun inkişafına dəstək veriləcək.
Gürcüstan ilə 26 yanvar 2024-cü ildə İstanbulda imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında 2024-2028-ci illər üçün Mədəni Əməkdaşlıq Proqramı” təsdiqlənib.
Həmçinin, Türkmənistan dövləti ilə 26 oktyabr 2023-cü ildə Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Mədəniyyət Sahəsində Əməkdaşlıq Sazişi” təsdiqlənib.
Ruanda dövləti ilə isə 2023-cü il yanvarın 12-də Kiqalidə imzalanmış iki razılaşma , “Türkiyə Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında Mədəni Əməkdaşlıq Sazişi” və “Ümumi Əməkdaşlıq Sazişi” təsdiqlənib.