Bakı,AzerVoice
Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın ikinci prototipi ilk dəfə
Müdafiə Sənayesi Başçısı Haluk Görgün tərəfindən paylaşılıb.
AzerVoice xəbər verir ki, Müdafiə
Sənayesi Başkanlığında keçirilən mətbuat konfransında Haluk Görgün
2024-cü il üçün müdafiə sənayesinin ixracat rəqəmləri və 2025-ci il
hədəfləri haqqında danışıb.
Görgün bildirib ki, Türkiyə müdafiə sənayesində 2024-cü ildə 180
ölkəyə 300-dən çox məhsul ixrac edəcək.
Görgün qeyd edib ki, Türkiyənin müdafiə məhsulları əsasən Avropa
ölkələrinə ixrac edilir və ən çox ixrac olunan məhsullar arasında
İHA (insansız hava aparatı), SİHA (silahlı İHA), ağıllı raketlər,
hərbi helikopterlər və hava radar sistemləri yer alır.
Milli döyüş təyyarəsi KAAN, Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən hazırlanan 5-ci nəsil qırıcı təyyarədir. Bu layihə Türk Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün başladılıb.
KAAN-ın ilk uçuşu 21 fevral 2024-cü il tarixində həyata keçirilib. Görgün qeyd edib ki, ümumilikdə 6 prototip istehsal ediləcək və KAAN-ın ilk tam versiyası 2028-ci ildə hazır olacaq.
2030-cu illərdə KAAN təyyarələrində yerli mühərriklərdən
istifadə edilməsi planlaşdırılır.
Görgün, mətbuat konfransında ASELSAN-ın yeni nəsil ASELFLİR-500 elektro-optik kəşfiyyat və müşahidə sisteminin 16 ölkəyə ixrac edildiyini də bildirib. Bu sistem İHA, helikopter və döyüş təyyarələrində istifadə olunur və yüksək performansı ilə diqqət çəkir.
Haluk Görgün, son iki ildə müdafiə sənayesinin ixrac rəqəmlərinin 7 milyard dollar olduğunu və bunu ikiqat artırmağı hədəflədiklərini vurğulayıb.
2023 və 2024-cü illərdə imzalanan ixrac müqavilələrinin ümumi
məbləği isə 20 milyard dolları keçib. Görgün, ixracın gələcəkdə
daha da artacağını və Türkiyənin müdafiə sənayesinin qlobal bazarda
güclənəcəyini bildirib.
Qeyd edək ki, KAAN layihəsi Türkiyənin döyüş aviasiyası sahəsində yerli və milli imkanlarla inkişaf etdirilmiş ən önəmli layihələrdən biridir.
Türkiyə müdafiə sənayesinin bu uğuru ölkənin qırıcı təyyarələr bazarında müstəqil fiqur kimi çıxış etməsinə imkan verəcək. KAAN təyyarəsinin xüsusiyyətləri və istifadəyə veriləcəyi dövr nəzərə alındıqda, bu layihənin 2030-cu illərin müdafiə sənayesində dönüş nöqtəsi olacağı gözlənilir.