Əsas səhifə » Türkiyə və Suriya 10 milyard dollarlıq ticarət hədəfi müəyyən edib

Türkiyə və Suriya 10 milyard dollarlıq ticarət hədəfi müəyyən edib

Bakı, AzerVoice

Türkiyə və Suriya arasında ticarət həcminin qısa və orta müddətli dövrdə 10 milyard dollara çatdırılması üçün səylər davam edir.

AzerVoice xəbər verir ki, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Suriya İş Şurasının sədri İbrahim Fuat Özçörekçi, Türkiyənin Suriyadakı iqtisadi inteqrasiyanı gücləndirmək məqsədilə müxtəlif ticarət proqramları həyata keçirdiyini və iki ölkə arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Özçörekçi Türkiyə ilə Suriya arasındakı ticarət əlaqələrinin xüsusilə Zeytun Budağı və Fərat Qalxanı əməliyyatlarından sonra ciddi şəkildə artdığını qeyd edib. Onun sözlərinə görə, 2011-ci ilə qədər iki ölkə arasındakı ticarət həcmi cəmi 250-300 milyon dollar olduğu halda, bu rəqəm 2024-cü ilə qədər 2,5 milyard dollara yüksəlib.

O, əlavə edib ki, Türkiyəyə günəbaxan yağı da daxil olmaqla bir sıra məhsullar Suriyadan idxal edilir və bu ticarətin daha sağlam şəkildə inkişaf etməsi üçün Suriyada lazımi ticarət strukturlarının formalaşdırılması vacibdir.

Suriyanın yenidənqurma prosesində Türkiyə şirkətlərinin əsas rol oynayacağını bildirən Özçörekçi, "Kilis, Qaziantep, Hatay və Mardin kimi şəhərlərdən Suriyaya olan logistik yaxınlıq böyük üstünlük təmin edir. Türkiyə sənayesindəki yüksək istehsal gücü ilə Suriyanın ehtiyaclarını qarşılamağa ən yaxın və etibarlı mənbədir." - deyə qeyd edib.

Türkiyə ilə Suriyanın kommersiya əməkdaşlığına böyük əhəmiyyət verdiyini qeyd edən Özçörekçi bildirib ki, bu əlaqələri daha da inkişaf etdirmək üçün strateji layihələr üzərində iş aparılır.

Özçörekçi Türkiyənin Dəməşqdəki səfirliyinin açılmasını da mühüm diplomatik addım kimi qiymətləndirib və yaxın gələcəkdə Hələb konsulluğunun da açılmasının türk iş adamları üçün ciddi təminat yaradacağını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice