Əsas səhifə » Türkiyəli fotoqrafın F-4 şəkli 2024-cü ilin ən yaxşısı seçilib

Türkiyəli fotoqrafın F-4 şəkli 2024-cü ilin ən yaxşısı seçilib

Bakı, AzerVoice

NATO Hava Komandanlığının 2024-cü il üçün döyüş təyyarələri fotoşəkilləri müsabiqəsində türk aviasiya fotoqrafı və tədqiqatçısı Cem Doğutun Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 Phantom təyyarəsinin çəkdiyi şəkil ilin ən yaxşı hava fotoşəkili adına layiq görülüb.

AzerVoice xəbər verir ki, hər il dekabr ayında NATO Hava Komandanlığının rəsmi sosial media hesablarında keçirilən müsabiqədə dünyanın müxtəlif ölkələrindən döyüş təyyarələrinin ən yaxşı hava görüntüləri seçilir.

2023-cü ildə də Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsinin fotoşəkili ilə birinci olan Cem Doğut bu il də uğurunu davam etdirib. 2024-cü ilin müsabiqəsində finala çıxan dörd fotoqraf arasında Cem Doğut ən çox səs toplayaraq qalib gəlib.

Müsabiqə boyu cəmi 17 min 63 səs istifadə edilib və Doğutun fotosu səslərin 76,7 faizini toplayıb. Qalib fotoşəkildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 Phantom döyüş təyyarəsinin 50 illik yubileyi münasibətilə göl üzərində uçuş anı təsvir olunub.

"Sevdiyim Phantom model təyyarəni A400M-in enişindən çəkdiyim an mənim üçün çox xüsusi və unudulmaz bir təcrübə oldu. Air Forces Monthly jurnalının üz qabığında ilk türk təyyarəsi şəkli 1993-cü ildə dərc olunmuşdu. O vaxt Bosniya üzərində uçan F-16 təyyarəsinin fotosunu xarici bir fotoqraf çəkmişdi. Son 31 ildə isə həmin jurnalın üz qabığında bir daha türk təyyarəsi görünməmişdi. Bu anı çəkib ölümsüzləşdirmək karyeramda ən mühüm məqamlardan biri oldu." - deyə fotoqraf bildirib.

Fotoşəkil Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 Phantom döyüş təyyarələrinin 50 illiyi qeyd olunan zaman çəkilib. Hərbi aviasiyada əfsanəvi model kimi tanınan F-4 Phantom təyyarələri Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində mühüm yer tutur.

Cem Doğutun qalibiyyətindən sonra NATO Hava Komandanlığı sosial media hesabında yayımlanan paylaşımda qalib fotoqrafı təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice