Əsas səhifə » Zəngəzur dəhlizi layihəsi üzrə irəliləyişlər var - Uraloğlu

Zəngəzur dəhlizi layihəsi üzrə irəliləyişlər var - Uraloğlu

Bakı, AzerVoice

Zəngəzur dəhlizi layihəsi çərçivəsində işlər davam edir.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Nazir, Türkiyə tərəfinin 224 kilometrlik sahəsi üçün tenderlərin keçirildiyini, tikinti işlərinin yaz aylarında başlayacağını bildirib. Naxçıvan və Azərbaycan tərəfinin işlərini qeyd edən Uraloğlu, layihənin Ermənistan ərazisindəki 43 kilometrlik keçidi və İranla əlaqələri əhatə etdiyini, bütün dəhlizin təxminən bir il ərzində tamamlanmasının planlaşdırıldığını açıqlayıb.

Fars körfəzindən başlayaraq Avropaya qədər uzanan İnkişaf Yolu Layihəsinin texniki-iqtisadi əsaslandırmalarının tamamlandığını bildirən nazir, ilk mərhələnin gələn il istifadəyə veriləcəyini qeyd edib. Layihənin 1200 kilometrlik hissəsinin tikintisi üçün hazırlıqların aparıldığını və 2025-ci ildə işlərin başlanacağını bildirib.

Uraloğlu İstanbul və Sabiha Gökçen hava limanlarını birləşdirən sürətli qatar xəttinin layihəsi üzərində işlərin davam etdiyini və bu xəttin 2025-ci ildə tenderə çıxarılacağını açıqlayıb. 120 kilometrlik bu xəttin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcəyi vurğulanıb.

Digər Kateqoriyalar

2024 © Azervoice