Əsas səhifə » Gənclər gündə ortalama 4,5 saat internetdə vaxt keçirir - RTÜK

Gənclər gündə ortalama 4,5 saat internetdə vaxt keçirir - RTÜK

Bakı, AzerVoice

15-21 yaş qrupundakı gənclər gündə orta hesabla 4,5 saatını internetdə keçirir.

AzerVoice xəbər verir ki, ​bu barədə Türkiyənin Radio və Televiziya Üst Kurulu (RTÜK) tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən bildirilib.

Araşdırma rəqəmsal mediadan istifadənin gənclərin həyatına və inkişafına təsirlərini öyrənməyə yönəlmişdir.

Araşdırmaya əsasən, gənclər gündə ortalama 4,5 saat internetdə, 1 saat 40 dəqiqə televiziyada, 1,5 saat rəqəmsal platformalarda və 52 dəqiqə radioda vaxt keçirir.Onların 95%-i sosial media hesablarından aktiv şəkildə istifadə edir, onların 17,7%-nin isə ailələrinin bilmədiyi gizli hesabları var. Ekran asılılığı 36% gəncdə aşağı səviyyədə olsa da, yaş artdıqca bu asılılığın artdığı müşahidə olunur.

Rəqəmsal asılılıq xüsusilə sosial media platformalarında vaxt sərf etməklə bağlıdır. RTÜK, bu durumun gənclərin həm psixoloji, həm də sosial inkişafına mənfi təsir göstərə biləcəyini vurğulayır.

RTÜK, uşaqların və gənclərin mənəvi və əqli inkişafını qorumaq üçün bir sıra tədbirlər məsləhət görür. Televiziyalarda yayımlanan gündüz proqramları üçün etik prinsiplər hazırlanıb. Bu prinsiplər çərçivəsində uşaqlar və gənclər müəyyən proqramlarda iştirak etməməli, həmçinin təhqiredici və ya mühakiməedici ifadələrdən qorunmalıdırlar. 2020-ci ildən bəri bu qaydaları pozan media qurumlarına qarşı 138 dəfə sanksiya tətbiq edilib. Yayımlar daim izlənilir və həftəlik hesabatlar hazırlanır.

RTÜK vitse-prezidenti Dəniz Gülər bildirib ki, uşaqların və gənclərin qorunması məqsədilə tətbiq edilən sanksiyalar davam edəcək. "Biz bu mövzuda qətiyyətliyik və təhsil, əxlaqi dəyərlər baxımından onların müdafiəsinə xüsusi diqqət yetiririk," - deyə o qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice