Bakı, AzerVoice
Türkiyədə Muğlanın Marmaris rayonundakı Aksaz Hərbi Dəniz Qüvvələri bazasında NATO-nun Aralıq dənizindəki daimi dəniz gücünün təhvil-təslim mərasimi keçirilib.
AzerVoice xəbər verir ki, təşkil olunan mərasimdə NATO Daimi Dəniz İş Qrupu-2 (SNMG-2) komandanlığı Kanadadan Türkiyəyə təhvil verilib.
Bu çərçivədə TCG Kemal Rəis freqatı komanda gəmisi kimi xidmət edəcək.
Mərasimdə NATO Hərbi Dəniz Qüvvələri Komandanlığının Baş Qərargah rəisi kontr-admiral Xose Delqado, Kanadanın keçmiş komandiri kontr-admiral Metyu Kouts və yeni Türkiyə komandiri kontr-admiral İlker Avcı iştirak edib. Kanada, Türkiyə və NATO himnlərinin səsləndirilməsindən sonra NATO bayrağı təntənə ilə təhvil verilib.
Kanadalı kontr-admiral Metyu Kouts SNMG-2 komandanlığını İlker Avcıya təhvil verərək, Türkiyənin bu vəzifəni böyük bir səriştə ilə davam etdirəcəyinə inandığını bildirib. Kouts Aralıq dənizində rus hərbi hərəkətlərini izləmək və qarşı tədbirlər görmək kimi kritik missiyaların əhəmiyyətinə toxunub.
Yeni komandan kontr-admiral İlker Avcı Türkiyənin NATO-nun ən görkəmli üzvlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyə dənizdəki gücü və çoxillik təcrübəsi ilə NATO-nun tapşırıqlarına hər zaman mühüm töhfə verib.
"Bu, Türkiyənin SNMG-2-yə beşinci komandanlığıdır. Missiya zamanı beynəlxalq əməkdaşlığı gücləndirəcək bir çox təlim və fəaliyyət planlaşdırılıb. Təlimlər həm təcrübə qazandıracaq, həm də qarşılıqlı fəaliyyət imkanlarını artıracaq." - deyə o vurğulayıb.
Missiya çərçivəsində əsas məqsəd dənizdə yaranacaq böhranlara qarşı çevik müdaxilə etmək və çəkindirmə tədbirlərini gücləndirməkdir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra SNMG-2-nin fəaliyyətləri genişlənib və çəkindirmə məqsədli əməliyyatlara üstünlük verilib.
Türkiyə komandirliyi dövründə təxminən 6 ay ərzində bir çox NATO üzvü ölkənin müxtəlif gəmiləri ilə birgə təlimlər keçiriləcək. Təlimlərdə qərargahda və gəmilərdə ümumilikdə 200-dən çox şəxsi heyət iştirak edəcək.