Əsas səhifə » BƏƏ Türkiyənin 5-ci ən böyük ticarət tərəfdaşıdır - Mehmet Şimşek

BƏƏ Türkiyənin 5-ci ən böyük ticarət tərəfdaşıdır - Mehmet Şimşek

Bakı, AzerVoice

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyənin 5-ci ən böyük ticarət tərəfdaşına çevrildiyini və bu münasibətləri daha da inkişaf etdirmək üçün mal və xidmətlər üzrə müxtəlifliyin artırılacağını vurğulayıb.

AzerVoice xəbər verir ki, nazir bu açıqlamanı BƏƏ-nin 53-cü Milli Günü münasibətilə Ankarada keçirilən tədbirdə səsləndirib.

BƏƏ-nin Ankaradakı səfiri Səid Sani əl-Zahiri də iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib. O bildirib ki, 2023-cü ildə BƏƏ ilə Türkiyə arasında qeyri-neft ticarətinin həcmi 103,7% artaraq 20 milyard ABŞ dollarına çatıb. Bu nəticə, Türkiyəni BƏƏ-nin dünya üzrə altıncı, Yaxın Şərq regionunda isə ən sürətlə inkişaf edən ticarət tərəfdaşına çevirib.

Nazir Şimşək qeyd edib ki, ölkələr arasındakı əlaqələr 2023-cü ildə yaradılmış yüksək səviyyəli strateji şura vasitəsilə daha da möhkəmlənib. Bu mexanizm hər iki ölkə üçün ticarətdən investisiyalara, səhiyyədən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlıq imkanları yaradır.

Nazir, azad ticarət müqavilələrinin və əməkdaşlıq mexanizmlərinin hər iki ölkə üçün böyük faydalar gətirdiyini vurğulayıb. Xüsusilə bərpa olunan enerji, müdafiə sənayesi, süni intellekt, turizm və qida sektorları kimi sahələrdə geniş imkanların mövcud olduğunu bildirib. O, həmçinin üçüncü ölkələrlə birgə layihələrdə əməkdaşlıq üçün potensialın yüksək olduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2024 © Azervoice