Bakı, AzerVoice
Türkiyənin 2024-2029-cu illəri əhatə edən beşillik “Xalq
Diplomatiyası Strategiya Sənədi” ictimaiyyətə təqdim olunub.
AzerVoice xəbər verir ki, sənəd ölkənin xalq diplomatiyası sahəsindəki strateji məqsəd və fəaliyyət planlarını əhatə edir və bu sahədə Türkiyənin "yumşaq güc" (soft power) potensialını artırmağı hədəfləyir.
Prezident Rəcəb Tayyib Ərdoğan sənədə əlavə etdiyi giriş məktubunda xalq diplomatiyasının əhəmiyyətini vurğulayaraq, onun müxtəlif sahələrdə – humanitar yardım, turizm, ticarət, təhsil və səhiyyə – beynəlxalq münasibətlərin formalaşmasında önəmli bir alət olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə humanitar yardım sahəsində milli gəlir nisbətinə görə dünya lideri olaraq məzlumlara və ehtiyacı olanlara yardım etməkdə davam edir.
“Türkiyə Əsri”nin bir parçası olaraq təqdim olunan bu sənəd, Türkiyənin dəyişən qlobal münasibətlərə uyğunlaşmasını təmin etməklə yanaşı, xalq diplomatiyasına yeni nəfəs qatacaq.
Əsas istiqamət olaraq, yardımların davamlılığı və genişləndirilməsi, qlobal təhsil mübadilələri və səhiyyə sahəsində beynəlxalq əməkdaşlıqlar edilməsi nəzərdə tutulur.
Türkiyə Xalq Diplomatiyası Strategiya Sənədi, Rabitə Müdirliyinin dəstəyi ilə hazırlanıb və "Türkiyə Yüzyılı" vizyonunun ilk siyasət sənədi kimi tanıdılır. Sənəd həm də dəyişən dünya nizamında Türkiyənin mövqeyini gücləndirməyi və xalq diplomatiyasında təsirini artırmağı hədəfləyir.
Ərdoğan sənədin xalq diplomatiyasını yeni mərhələyə daşıyacağına, beynəlxalq arenada ölkənin gücünü və mövqeyini gücləndirəcəyinə inandığını bildirib.